BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycan və Özbəkistan mərkəzi bankları qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, əlaqələrin daha da dərinləşdirilməsi perspektivlərini nəzərdən keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov sosial şəbəkə hesabında qeyd edib.

"Daşkənd şəhərinə işgüzar səfər çərçivəsində Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetovla görüşdük. Görüşdə hər iki ölkədə mövcud makroiqtisadi vəziyyət, qarşıda duran çağırışlar və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirələr apardıq. Mərkəzi banklar arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğumuzu bildirdik," - deyə AMB sədri əlavə edib.