BAKI, 23 oktyabr. TELEQRAF
Ötən əsrin əvvəllərində Azərbaycandan Türkiyəyə mühacirət edən ailələrdən biri də şamaxılı Salamzadələr idi. Bu ailənin mühacir azərbaycanlılar arasındakı tanınmış üzvü Türkiyədə Ünsal soyadını qəbul edən Rəsul bəydi.
Rəsul Ünsal 1904-cü ildə Şamaxıda doğulub, 14 yaşına qədər Azərbaycanın bu qədim paytaxt şəhərində yaşayıb. 1918-ci il qırğınlarında ailəsinin böyük bir qismini itirib. Özü, bacısı Gülnarə, kiçik bacısı Tuğrə və yaşlı anası sağ qalıb. Bakını xilas etmiş Qafqaz İslam Ordusu Azərbaycandan qayıdarkən hər şeylərini itirmiş bu ailəni də yanlarına alaraq Anadoluya aparıblar. Salamzadə ailəsi həmin illərdə hələ ki qəsəbə şəklində olan Ankaraya yerləşib. Gənc Rəsul ailəsinin dolanışığını təmin etmək üçün erkən yaşlarında çalışmağa başlayıb. Əvvəlcə həmin illərdə Türkiyənin ilk müdafiə sənayesi dövlət müəssisələrindən biri olan Maşın və Kimya Sənayesi Müəssisəsində işləməyə başlayıb. Daha sonra Türkiyə Cümhuriyyətinin Poçt, Teleqraf və Telefon Müəssisəsində maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb və təqaüdə çıxana qədər əmək fəaliyyətini davam etdirib. 1974-cü ildə ağciyər xərçəngindən vəfat edib.
Rəsul bəy 1925-ci ildə Saniyə xanımla ailə həyatı qurub. Bu evlilikdən səkkiz övladı dünyaya gəlib. Övladlarının hamısı vəfat etsə də, hazırda 16 nəvəsi sağdır.
Rəsul bəyin nəvəsi, Türkiyənin tanınmış həkimlərindən Mehmed Binnət bu yaxınlarda Bakıda olarkən bizə onun mühacirətdəki fəaliyyəti ilə bağlı maraqlı məlumatlar verdi: “Rəsul Ünsal Azərbaycana hər zaman böyük həsrətlə bağlı olub. Azərbaycanla əlaqəli fəaliyyətlərini ictimai məsuliyyət şüuru ilə həyata keçirib. 1 fevral 1949-cu ildə Ankarada yaradılmış Azərbaycan Kültür Dərnəyində fəal iştirak edib. Bununla yanaşı, azərbaycanlı ailələrin birliyini təmin etmək məqsədilə fərdi təşəbbüslərlə təşkil etdiyi yemək məclisləri və sosial tədbirlər vasitəsilə də bu fəaliyyətlərini davam etdirib. Dərnəyin fəxri sədri Məhəmmədəmin Rəsulzadə və ilk sədri doktor Həmid Atamanla yaxın dostluq münasibətlərini qoruyub saxlayıb, dərnəyin bütün fəaliyyətlərində iştirak edib. 18 noyabr 1953-cü ildə doktor Həmid Atamandan sonra Azərbaycan Kültür Dərnəyinin sədri vəzifəsini təhvil alıb. Rəsul Ünsal dərnəkdə ardıcıl olaraq iki müddət sədr vəzifəsini icra edib.
Onun sədrliyi dövründə Azərbaycan Kültür Dərnəyi konfranslar, ailələrin iştirakı ilə təşkil edilən balo və çay məclisləri kimi sosial tədbirlər, eləcə də kitab nəşrləri vasitəsilə həm Azərbaycan mədəniyyətinin cəmiyyətdə tanınmasına, həm də dərnəyin iqtisadi baxımdan dəstəklənməsinə töhfə verib. Rəsul Ünsalın sədrliyi dövründə dərnəyin 19 oktyabr 1953-cü il tarixli 18 nömrəli qərarı əsasında Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün nəşinin 10 noyabr 1953-cü ildə Ankarada daimi məqbərəsinə köçürülməsi mərasimində Azərbaycan Kültür Dərnəyinin rəsmi iştirakı təmin edilib. Həmin mərasimlə əlaqədar Anıtqəbirin bağçasında Azərbaycan adından ağac əkilib.
9 mart 1954-cü ildə keçirilən dərnək qurultayında Rəsul Ünsal ikinci dəfə sədr seçilib. Bu dövrdə ədəbi tədbirlər və konfranslarla yanaşı, mətbuat və nəşriyyat orqanlarında Azərbaycan haqqında yazıların dərc edilməsinə də kömək göstərilib. Bundan əlavə, Azərbaycan musiqisi ilə bağlı ilk tədbirlər məhz bu dövrdə təşkil olunub”.
Qeyd edək ki, Rəsul Ünsal 18 noyabr 1953-cü ildən 1 mart 1955-ci ilədək Azərbaycan Kültür Dərnəyinin sədri olub. 8 mart 1955-ci ildə Rəsulzadənin dəfn mərasimində o da iştirak edib.
Onun dərnəyin rəsmi orqanı olan “Azərbaycan” jurnalında “Yaralı bülbüldən solmuş gülə”, “Ölərsəm” adlı iki şeiri dərc olunub. Onun “Ölərsəm” şeirini təqdim edirik:
Ölərsəm, aranmasın həsrətimdən başqa səbəb
Vətənim, ağlayaraq gecə-gündüz uğrunda həp
Bitməyən, tükənməyən yollar içində yoruldum,
Ümidimlə baş-başa, dərdimlə inlədim durdum.
Sönür günlər keçdikcə gözlərimin işığı
Qəlbim yanar, alnımda iztirabın qırışığı
Yurdum, sənə qovuşmaq ümidiylə yaşadım həp
Ölərsəm, aranmasın həsrətimdən başqa səbəb!
1954-cü ildə İkinci Dünya müharibəsindən sonra Türkiyəyə gəlmiş bir azərbaycanlı Rəsul Ünsalın qızı Pərixan xanımla ailə həyatı qurub. Bu barədə növbəti yazımızda.