BAKI, 13 oktyabr. TELEQRAF

2026-cl ilin birinci yarısında Azərbaycanda əhalinin borc yükünün (fiziki şəxslərin kredit təşkilatları (Bank, BOKT) qarşısında istehlak və ipoteka kreditlərinin qalıq məbləğinin cəmi) sərəncamda qalan gəlirlərdəki payı artıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2026-cı ilin birinci yarısı üzrə dərc etdiyi "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd edilib.

Bildirilib ki, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0.3 faiz bəndi artaraq 18.7% olub:

"Restrukturizasiya olunmuş portfelin cəmi portfeldə payı azalıb. 2026-cı ilin 1-ci yarımili ərzində restrukturizasiya olunmuş portfelin həcmi 3.3% (32 mln. manat) artaraq 0.99 mlrd. manat olub. Artım əsasən istehlak portfeli (41 mln. manat) üzrə olub. İpoteka portfeli üzrə isə restrukturizasiya edilmiş kreditlərdə azalma (13 mln. manat) müşahidə edilsə də, biznes portfeli üzrə restrukturizasiya edilmiş kreditlərdə ciddi dəyişiklik baş verməyib. Yekunda restrukturizasiya olunmuş portfelin cəmi portfeldə payı 2025-ci ilin sonu ilə müqayisədə 0.1 faiz bəndi azalaraq 3.1% təşkil edib".