BAKI, 13 oktyabr. TELEQRAF
Qarşıda duran ən mühüm strateji vəzifələrdən biri türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyasının təmin edilməsidir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda çıxışında deyib.
O qeyd edib ki, bu ölkələt arasında rəqəmsal ödəniş əməkdaşlığının inkişafı qarşılıqlı ticarət və turizm üçün də əhəmiyyətlidir:
“Başlıca hədəf fiziki şəxslərin və biznes subyektlərinin ölkələrimiz arasında maliyyə əməliyyatlarını daha rahat, sürətli, təhlükəsiz və mümkün qədər aşağı xərclərlə həyata keçirməsinə imkan yaradan mühitin formalaşdırılmasıdır. Bu, sərhədlərarası ödəniş və köçürmələrin səmərəliliyini artırmaqla yanaşı, maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaq, əməliyyat xərclərini azaldacaq, qarşılıqlı ticarət və investisiya əlaqələrini gücləndirəcək.
Nəticə etibarilə, maliyyə infrastrukturlarının inteqrasiyası daha geniş strateji məqsədə – ölkələrimizin iqtisadiyyatlarının bir-biri ilə daha sıx inteqrasiyasına xidmət etməlidir.
Bu istiqamətdə ödəniş sistemlərinin qarşılıqlı uyğunluğunun təmin edilməsi, vahid texniki standartların tətbiqi imkanlarının araşdırılması, tənzimləyici yanaşmaların yaxınlaşdırılması və müştəri hüquqlarının qorunması üzrə təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır.
Birgə pilot layihələrin həyata keçirilməsi və mövcud infrastruktur imkanlarından daha səmərəli istifadə üzrə əməkdaşlığın genişləndirilməsini faydalı hesab edirik”.