BAKI, 20 iyul. TELEQRAF
Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” arasında strateji əməkdaşlığın qurulması çərçivəsində razılıq əldə edilib.
Teleqraf quruma istinadən xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə institutun baş icraçı direktoru Metyu Hil arasında görüş keçirilib.
Sığorta və maliyyə xidmətləri sahəsində peşəkar tədris üzrə dünyada aparıcı institutlardan biri olan təşkilatla görüş zamanı Azərbaycanda sığorta sektorunda insan kapitalının inkişafının dəstəklənməsi, ölkəmizin beynəlxalq standartlara uyğun sığorta üzrə regional tədris və təlim mərkəzinə çevrilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi perspektivləri müzakirə edilib.
Əməkdaşlıq çərçivəsində təşkilatın professor və ekspertlərinin iştirakı ilə Azərbaycanda həyata keçiriləcək beynəlxalq səviyyəli tədris proqramının tətbiq edilməsi üzrə ilkin razılıq əldə edilib.