BAKI, 2 iyul. TELEQRAF

Qara Dəniz Ticarət və İnkişaf Bankı bizim əhəmiyyətli tərəfdaşımızdır. Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə bizim layihələrimiz də çox müxtəlif sahələri əhatə edir.

Teleqraf xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan xüsusilə kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində tərəfdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

“Azərbaycan iqtisadiyyatında çox ciddi transformasiya baş verir. Ötən ilin yekun rəqəmləri göstərir ki, Azərbaycanın iqtisadiyyatının 71%-i qeyri-neft sahəsidir.

Neft inkişafın hərəkətverici qüvvəsi olaraq qalmaqla yanaşı, ölkənin qeyri-neft sektoru da çox sürətlə və çox geniş bir spektr üzrə inkişaf edir. Bu inkişafın təmin olunmasında maliyyə imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir”.