BAKI, 19 may. TELEQRAF
"Son bir ay ərzində ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti və intensiv yağıntılar aqrar sektorda narahatlıq doğurur".
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında coğrafiya elmləri doktoru, Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Səid Səfərov deyib.
O bildirib ki, iqlim dəyişmələri artıq bütün dünyaya məlum olan bir reallıqdır. Onun sözlərinə görə, qlobal temperatur sənayeləşmə dövrünə nisbətən təxminən 1,1 dərəcə artıb və bu artım Azərbaycanın bütün ərazilərində də müşahidə olunur: "Yağıntıların paylanmasında isə qeyri-bərabərlik yaranıb. Bəzi yerlərdə azalma, bəzi yerlərdə isə artım qeydə alınır".
Mütəxəssis qeyd edib ki, bu ilin mart ayının sonundan başlayan qeyri-sabit hava şəraiti hələ də davam edir: "Xüsusilə aprel və may aylarında Abşeron yarımadası üçün ənənəvi olmayan anormal yağıntılar müşahidə edilib. İlkin məlumatlara görə, təkcə Bakıya düşən yağıntının miqdarı təxminən 103 millimetr təşkil edib".
Hava şəraitinin aqrar sahəyə təsiri ilə bağlı məsələyə münasibət bildirən Səid Səfərov bunun həm müsbət, həm də mənfi tərəfləri olduğunu diqqətə çatdırıb: "Yağıntıların çox olması torpaqda rütubəti artıraraq bitki inkişafı üçün münbit şərait yaratsa da, intensivlik artdıqda bitkilərin vegetasiya prosesində problemlər yaranır. Həddindən artıq yağıntı və isti torpaqdan suyun buxarlanması bitkilərdə müxtəlif xəstəliklərin və zərərvericilərin yaranmasına yol açır.
Onu da qeyd edim ki, hazırda taxılın inkişaf dövrüdür. İntensiv yağıntı və külək taxılın yerə yatmasına səbəb olur. Yerə yatan bitkilər geri qayıda bilmir və çürüyərək məhsul itkisinə səbəb olur".
Səid Səfərov deyib ki, çaylarda baş verən daşqınlar əkin sahələrini yuyaraq sel çöküntüləri ilə doldurur və sahələri yararsız hala salır: "Həmçinin ölkənin qərb rayonlarında və Böyük Qafqazın cənub yamaclarında düşən şiddətli dolu bitkilərin yeni cücərən meyvələrini, yarpaq və budaqlarını məhv edir. Bu isə həm cari ilin, həm də növbəti illərin məhsuldarlığı üçün böyük maneədir. Qeyd etdiyim bu amillər kənd təsərrüfatı üçün son dərəcə təhlükəlidir".
Türkan Nəcəfova