BAKI, 19 may. TELEQRAF
Azərbaycanda son 25 ildə orta illik temperatur təxminən 1,1 dərəcə Selsi artıb və son dörd il ərzində ardıcıl olaraq 1,5 dərəcəni ötüb.
Teleqraf xəbər verir ki, bu barədə Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) “Erkən xəbərdarlıq və iqlim dəyişikliyinə davamlı şəhərlər” mövzusunda keçirilən iclasa video müraciətində deyib.
O qeyd edib ki, ekstremal isti günlərin sayı altı dəfə artıb:
“Quraqlıq müddəti isə 20 faizdən çox yüksəlib. Bu tendensiya açıq şəkildə göstərir ki, iqlim dayanıqlılığı şəhərsalma və inkişafın əsas elementinə çevrilməlidir. Bu gün üzləşdiyimiz problemlər bir-biri ilə əlaqəlidir və cavablarımız da əlaqəli olmalıdır. Heç bir ölkə dayanıqlılığı təkbaşına qura bilməz. Heç bir şəhər təkbaşına uyğunlaşa bilməz. Tərəfdaşlıq, elm, texnologiya və beynəlxalq əməkdaşlıq iqlimə davamlı şəhər gələcəyinin formalaşdırılmasında həlledici rol oynayacaq.
Azərbaycan bu səylərə töhfə verməyə, dialoq və əməkdaşlığı gücləndirməyə sadiq qalır. Ümid edirik ki, bu sessiya daha güclü dialoq və praktiki əməkdaşlığa töhfə verəcək”.