BAKI, 27 aprel. TELEQRAF

Bu gündən Cəbrayıl rayonunun Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır.

Teleqraf Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müraciətlərin qəbulu Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə həyata keçirilir.

Nazirlikdən bildirilib ki, Horovlu kəndində yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi mayın 27-si günün sonunadək davam edəcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kənddə birillik və çoxillik bitkilərdən - alma, armud, xurma, şaftalı, nektarin, ərik, nar, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, buğda, arpa, qarğıdalı, soya, yonca, xaşa, kartof və şəkər çuğunduru əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Horovlu kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

- EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

- Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Horovlu” seçməklə ərizə formasını doldurmaq.

- Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Horovlu kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

- Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.