BAKI, 19 may. TELEQRAF

Bu gün burada müstəmləkəçilik, yəni kolonializm kimi ciddi bir problemin həllinə toxunulur.

Bunu Teleqraf-a açıqlamasında Sent-Vinsent və Qrenadinin hökumət başçısının müşaviri Bayron-Kox Riçard Entoni Beresford WUF13 çərçivəsində təşkil edilən QHT Agentliyinin pavilyonunda deyib.

O bildirib ki, müstəmləkəçilik hər zaman ədalətsiz bir sistem olub.

"Haradansa kənar bir qüvvə gəlir və sizin nə edəcəyinizi idarə edir. Özü də bunu sırf öz maraqları, mənfəətləri naminə edirlər", - o vurğulayıb.

Müşavirin sözlərinə görə, bu cür qlobal forumlar isə dünyanın dörd bir yanından insanları bir araya gətirir:

"Məsələn, hazırda burada Sudandan, Keniyadan və dünyanın müxtəlif yerlərindən gələn gənclər var. Onlar bir araya toplaşaraq müasir dövrün qlobal problemlərini həll etməyə çalışırlar. Bir problemi həll edərkən iki yolunuz olur, yəni ya döyüşmək, silahları işə salmaq, ya da oturub danışmaq. Təbii ki, hər kəs danışmağa, dialoqa üstünlük verər. Ona görə, belə konfransların əhəmiyyətsiz olduğunu düşünən insanlar tamamilə yanılırlar".

O ikinci miühüm məqam kimi vurğulayıb ki, bu dünyanın gələcəyi və idarəçilik gənclərin əlində olacaq:

"Əgər dünyanı düzgün və ədalətli idarə etmək istəyirsinizsə, mütləq lazımi biliklərə sahib olmalı və başqaları ilə əməkdaşlıq etməlisiniz. Çünki dünya təkcə mənim və ya sizin ölkənizdən ibarət deyil, dünya hamımızındır. Biz bir-birimizlə danışmağı bacarmalıyıq. İnsanları bir araya gətirmək üçün isə kiminsə liderlik etməsinə ehtiyac var. Məhz bu nöqtədə Azərbaycan fərqli coğrafiyalardan olan, lakin eyni ortaq problemlərdən əziyyət çəkən insanları bir araya gətirmək üçün bu prosesə liderlik etmək qərarına gəlib.

Bu gün yaşadığımız dünya olduqca təhlükəli bir yerdir. Hər tərəfdə müharibələr baş verir. Biz hazırda poliböhran, yəni çoxşaxəli böhran dövrünü yaşayırıq. Dünyanın hər yerində yeni böhranlar qabarıb. Bu problemləri həll etmək üçün biz mütləq yeni mexanizmlər, sistemlər və platformalar yaratmalıyıq. Elə bu platforma da məhz həmin məqsədə xidmət edir. Bunun sayəsində ölkələr arasında elə bir ünsiyyət körpüsü qurulur ki, mən buraya gələrkən qarşımdakı insanın da mənimlə eyni dərdi, eyni problemi paylaşdığını görürəm. O mənə öz ölkəsindəki həll yollarından danışır, mən isə ona öz təcrübəmdən bəhs edirəm. Beləliklə, biz effektiv ideya mübadiləsi aparırıq.

Bu platforma dünyanın gələcəyi üçün çox vacibdir. Bu dünyanın gələcəyi yalnız o halda sığortalana bilər ki, biz hamı üçün ədaləti təmin edək. Alman filosofu İmmanuel Kantın dediyi kimi: "Əgər ədalət yox olarsa, insanın bu dünyada yaşamasının heç bir mənası qalmaz". Bu cür platformalar da məhz ədalətə doğru gedən yollardır".