BAKI, 8 may. TELEQRAF
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)Taxıl Qiymətləri İndeksi apreldə orta hesabla 111,3 bənd təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 0,9 bənd və ya 0,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,4 bənd və ya 0,4% artıb.
Teleqraf təşkilata istinadən xəbər verir ki, aylıq artım əsas taxıl növləri üzrə qiymətlərin yüksəlməsi ilə bağlı olub. Yalnız sorqo və arpa üzrə qiymətlərdə azalma qeydə alınıb.
Məlumata görə, dünya bazarında buğdanın qiyməti 0,8% artıb. Buna ABŞ-nin bəzi bölgələrində müşahidə olunan quraqlıq və Avstraliyada yağıntının normadan az olacağı ilə bağlı gözləntilər təsir edib. Bundan əlavə, enerji qiymətlərinin yüksək olması və Hörmüz boğazının faktiki bağlanması nəticəsində çatdirmalarda yaranan fasilələr gübrənin qiymətini artırıb. Bu fonda fermerlər daha az gübrə tələb edən bitkilərə üstünlük verib.
2026-cı ildə buğda əkinlərinin azalacağı ilə bağlı gözləntilər də qiymət artımını dəstəkləyib.
Qarğıdalının qiyməti isə 0,7% yüksəlib.
FAO-nun Bütün Düyü Növləri üzrə Qiymət İndeksi apreldə 1,9% artıb. Bunun əksinə, dünya bazarında sorqonun qiyməti 4% azalıb. Bu da əsasən Çin başda olmaqla idxal tələbinin zəifləməsi və əsas istehsalçı və ixracatçı ölkələrdə təklif perspektivlərinin yaxşılaşması ilə əlaqələndirilir.