BAKI, 8 may. TELEQRAF

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bitki Yağları Qiymətləri İndeksi apreldə orta hesabla 193,9 bənd təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 10,9 bənd və ya 5,9% artaraq 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb.

Teleqraf təşkilata istinadən xəbər verir ki, artım əsasən palma, soya, günəbaxan və kolza yağlarının bahalaşması ilə bağlı olub.

Apreldə palma yağı ardıcıl olaraq beşinci ay bahalaşıb. Yaxın aylarda Cənub-Şərqi Asiyada istehsalın azalacağı ilə bağlı narahatlıqlar qiymətə əlavə təzyiq yaradıb.

Soya və kolza yağları ABŞ və Avropa İttifaqında bioyanacaq istehsalına sabit tələbat fonunda bahalaşıb.

Günəbaxan yağının qiyməti isə Qara dəniz regionunda davam edən məhdud təklif səbəbindən artıb.