BAKI, 19 may. TELEQRAF
WUF13-ə ev sahibliyi etməyimiz Prezidentin rəhbərliyi altında Azərbaycanın dayanıqlı inkişaf, iqlim fəaliyyəti və çoxtərəfli əməkdaşlığın təşviqində oynadığı fəal rolun artan beynəlxalq səviyyədə tanınmasını əks etdirir.
Teleqraf xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər" mövzusunda tədbirə ünvanladığı videomüraciətdə bildirib.
Onun sözlərinə görə, COP29 Bakı Azərbaycanın qlobal iqlim əməkdaşlığına və praktiki iqlim fəaliyyətinə güclü sadiqliyini nümayiş etdirdi:
"Tədbir iqlim maliyyələşməsi, adaptasiya və icra sahələrində mühüm nəticələr verdi, eyni zamanda artan iqlim riskləri ilə üzləşən şəhərlərdə və icmalarda dayanıqlığın gücləndirilməsi ehtiyacını vurğuladı. Bu gün dünya artan geosiyasi parçalanma, ekoloji təzyiqlər və sürətlənən iqlim təsirləri ilə üz-üzədir. İqlim dəyişikliyi bütün dünyada şəhər reallıqlarını yenidən formalaşdırır".
Muxtar Babyev bildirib ki, ekstremal hava hadisələri daha tez-tez baş verir, daha güclü olur və proqnozlaşdırılması daha çətinləşir:
"Son onillik tarixdə qeydə alınmış ən isti dövr olmuşdur, son üç il isə qlobal miqyasda indiyədək müşahidə olunan ən isti illər kimi qeydə alınıb.
Şəhərlər bu təsirlərin getdikcə daha çox mərkəzinə çevrilir. Daşqınlar, istilik dalğaları, fırtınalar, quraqlıqlar və torpaq sürüşmələri artıq infrastrukturun zədələnməsinə, vacib xidmətlərin pozulmasına və dünyada milyonlarla insanın həyatına təsir göstərir.
Erkən xəbərdarlıq sistemləri iqlimlə bağlı fəlakətlər zamanı insan itkilərini və xəsarətləri azaltmağa, iqtisadi zərərləri minimuma endirməyə və kritik infrastrukturu qorumağa kömək edir. Araşdırmalar göstərir ki, təhlükəli hadisədən cəmi 24 saat əvvəl verilən qabaqcadan xəbərdarlıq itki və zərərləri 30 faizə qədər azalda bilər.
Amma rəqəmlərdən əlavə, erkən xəbərdarlıq sistemləri həyat xilas edir. Onlar hazırlıq səviyyəsini gücləndirir, hökumətlərə məlumatlı və elmi əsaslı qərarlar qəbul etməyə kömək edir və xüsusilə ən həssas icmaların dayanıqlığını artırır.
Bütün dünyada əhəmiyyətli irəliləyişlərə baxmayaraq, hələ də bir sıra çətinliklər qalmaqdadır. Bunlara maliyyə və institusional imkanların məhdudluğu daxildir".