BAKI, 19 may. TELEQRAF

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində QHT Agentliyinin pavilyonunda "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu" mövzusunda beynəlxalq konfrans keçirilib.

Teleqraf xəbər verir ki, bu, BTQ-nin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrini təmsil edən gənclər tərəfindən yaradılan Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiridir.

Tədbirdə çıxış edən, Sent-Vinsent və Qrenadin hökumət başçısının müşaviri Bayron-Kox Riçard Entoni Beresford bildirib ki, müstəmləkə və neokolonial idarəetmə altında olan ərazilərdə urbanizasiya prosesləri ciddi struktur problemləri, sosial bərabərsizlik və infrastruktur çatışmazlıqları var.

Kanak İşçilər və İstismar Olunanlar İttifaqının (USTKE) vitse-prezidenti (Yeni Kaledoniya) Haokas Roş Manoje deyib ki, Kanakidə Fransa tərəfindən həyata keçirilən miqrasiya siyasəti demoqrafik balansın dəyişməsinə səbəb olaraq yerli kanak əhalisini azlıq vəziyyətinə gətirib:

"Beləliklə, onlar şəhər mərkəzlərindən periferiyalara sıxışdırılıb. Həmçinin, adaya köçürülmüş Avropa mənşəli əhalinin iqtisadi üstünlüyü sosial-iqtisadi bərabərsizliyin dərinləşməsini daha da gücləndirib".

Boneyra İnsan Hüquqları Təşkilatının gənc nümayəndəsi Finies Kristan Tyee Eugene isə deyib ki, Boneyrada Niderland müstəmləkə siyasətinin davam edən təsirləri, artan turizm və xarici investisiya təzyiqləri ilə birgə mənzil bazarında kəskin qiymət artımına səbəb olur:

"Bu proses yerli əhalinin əlçatan yaşayış imkanlarını ciddi şəkildə məhdudlaşdıraraq sosial bərabərsizliyin daha da dərinləşməsinə gətirib çıxarır".