BAKI, 5 may. TELEQRAF

Azərbaycanda subsidiyaların verilməsi, güzəştli kreditlərin təqdim edilməsi, kənd təsərrüfatı texnikasına əlçatanlığın artarılması, aqrar sığorta sisteminin genişləndirilməsi aqrar sektorun dayanıqlı inkişafına mühüm töhvə verir.

Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, aqrar sahədə rəqəmsallaşmanın genişləndirməsi, ağıllı kənd təsərrüfat həllərinin tətbiqi, su resurslarından səmərəli istifadə, torpaq münbitliyinin qorunması və ekoloji cəhətdən dayanıqlı istehsal modellərin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir:

"Məqsəd, müasir çağırışlara cavab verən, yüksək məhsuldarlığa əsaslanan və ixrac potensialını artıran güclü aqrar sistem formalaşdırılmaqdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən aqrar layihələr ölkəmizin kənd təsərrüfatı strategiyasında xüsusi və özünəməxsus yer tutur".