BAKI, 19 may. TELEQRAF

Çin Sədri Si Cinpin Pekində ABŞ Prezidenti Donald Trampa Rusiya Prezidenti Vladimir Putinin sonda Ukraynaya müdaxiləsindən peşman ola biləcəyini deyib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Financial Times” məlumat yayıb.

Məsələ ilə tanış mənbələrə görə, Si bu açıqlamanı Trampla Ukraynaya dair geniş müzakirə zamanı verib. Nəşr yazıb ki, Çin liderinin məsələ barədə son şərhi əvvəlkindən daha sərt olub.

Si Cinpinin ABŞ-nin keçmiş prezidenti Co Baydenlə görüşlərindən xəbərdar olan bir mənbə isə bildirib ki, liderlər Rusiya və Ukrayna ilə bağlı səmimi və birbaşa danışıqlar aparsalar da, Çin liderinin o zaman Rusiya və müharibə ilə bağlı fikirlərini bildirməməsi diqqət çəkib.

Bazar günü Tramp administrasiyası Pekindəki görüşlə bağlı videogörüntü yayımlayıb, amma orada Rusiya və ya Ukrayna barədə heç bir söz açılmayıb.

Həmçinin mənbələrə görə, Si Cinpinlə sammit zamanı Donald Tramp ABŞ, Çin və Rusiyanın maraqlarının üst-üstə düşdüyünü bildirərək, Beynəlxalq Cinayətlər Məhkəməsinə qarşı mübarizədə güclərini birləşdirməsini təklif edib.

Qeyd edilib ki, Si Cinpinin Vladimir Putinlə bağlı şərhi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin dörd ildən sonra dalana dirəndiyi vaxta təsadüf edib.