BAKI, 19 may. TELEQRAF
“Avropa İttifaqı (Aİ) ədalətsizlik kompleksini dəf edərsə, Gürcüstanla münasibətləri asanlıqla bərpa olunacaq”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Münasibətlərdə əsas məsələ ədalət prinsipidir. Əgər münasibətlər ədalətli prinsiplərə əsaslanmırsa, bu münasibətlərin perspektivi yoxdur. Gürcüstanla Avropa İttifaqı arasındakı əsas problem ədalətsizlik, gürcü xalqına və dövlətinə qarşı ədalətsiz münasibətdir. Burada da ikili standartlar, tamamilə ədalətsiz qiymətləndirmələr var.
Gürcüstan Aİ üzvlüyünə namizəd ölkələr arasında mütləq liderdir - hər cəhətdən. Amma Avropa bürokratiyası bu fonda Gürcüstanda hökuməti dəyişdirmək qərarına gəlib. Bu qərarı da biz müqavimət göstərdikdən və (Rusiya ilə Ukrayna arasında) müharibəyə qoşulmadıqdan sonra veriblər. Bu qərar həyata keçirilməlidir, onlar üçün ədalətsizlik bu qərarı həyata keçirmək üçün yeganə vasitədir”, - Baş nazir vurğulayıb.
İrakli Kobaxidze Aİ-ni 2024-cü ildə Gürcüstanda keçirilən bələdiyyə seçkilərinə birbaşa müdaxilədə ittiham edib:
“Ədalətsizliyin olduğu yerdə sağlam münasibətlər ola bilməz. Buna uyğun olaraq, indi Avropa bürokratiyası öz ədalətsizliyinin girovuna çevrilib, bu dairədən çıxa bilmirlər. Bu ədalətsizlik dairəsini özləri yaradıblar. Onlar öz ədalətsizlikləri əsasında yaratdıqları kompleksləri dəf etməlidirlər. Əgər Avropa bürokratiyası öz komplekslərini dəf edərsə, Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətlər çox asanlıqla bərpa edilə bilər”.