BAKI, 19 may. TELEQRAF

"Rəqəmsallaşma prosesinin sürətlənməsi, sosial şəbəkələrin qlobal təsir imkanlarının artması, hibrid müharibə texnologiyalarının geniş yayılması informasiya təhlükəsizliyi məsələsini strateji sahəyə çevirib. Akademik mərkəzlər bu sahədə iki əsas anlayışı fərqləndirir: informasiyanın texniki təhlükəsizliyi və məzmun təhlükəsizliyi. Azərbaycanın hər iki istiqamət üzrə atdığı addımlar beynəlxalq informasiya təhlükəsizliyi sistemində diqqəti cəlb edir".

Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, texniki təhlükəsizlik ilk növbədə onlayn mühitdə şəxsi məlumatların, şifrələrin, cihazların və sistemlərin kiber təhdidlərdən qorunmasını nəzərdə tutur: "Azərbaycan dövləti bu müstəvidə təhlükəsizliyin təmin edilməsi üçün kifayət qədər peşəkar infrastruktur yaradıb. İnformasiya resurslarının qorunması, kibermüdafiə və rəqəmsal təhlükəsizlik üzrə institusional mexanizmlər formalaşdırıb. Qısa desək, informasiya təhlükəsizliyi dövlət idarəçiliyinin prioritet sahələrindən birinə çevirib.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Azərbaycan regional rəqəmsal və kommunikasiya infrastrukturlarının mühüm iştirakçılarından biridir. Ölkə Şərqlə Qərb arasında yerləşən mühüm telekommunikasiya və data tranzit xəttləri üzərində yerləşir. Xəzər regionu üzərindən keçən fiber-optik layihələr, rəqəmsal bağlantı təşəbbüsləri və “Rəqəmsal İpək Yolu” konsepsiyası Azərbaycanın beynəlxalq informasiya axınlarında strateji mövqeyini gücləndirir. Bu, beynəlxalq informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli xətdir. Rəqəmsal bağlantı layihələrinin təhlükəsiz fəaliyyəti beynəlxalq iqtisadi sistem üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimiz həmin xəttlərin təhlükəsiz fəaiyyətini təmin etməklə, beynəlxalq informasiya təhlükəsizliyinə layiqli töhfə verir".

Müşfiq Ələsgərli qeyd edib ki, informasiya məkanının texniki təhlükəsizliyi ilə yanaşı, məzmun təhlükəsizliyi də Azərbaycanda prioritet mövzulardan biridir: "Burada məlumatların, paylaşımların və müzakirələrin kontent baxımından təhlükəsizliyi nəzərdə tutulur. Məzmun təhlikəsizliyi məsələsində əsas diqqət informasiya mühitinin çirkləndirilməsinin qarşısının alınmasına yönəlir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan coğrafi mövqeyinə, qlobal enerji və nəqliyyat layihələrində iştirakına, həmçinin mürəkkəb geosiyasi regionda yerləşməsinə görə uzun illərdir müxtəlif istiqamətlərdən informasiya təxribatlarına, dezinformasiya təsirlərinə məruz qalır. Xüsusi olaraq, Ermənistan-Azərbaycan münaqişəsi dövründə ölkəmizə qarşı ciddi formada informasiya savaşı həyata keçirilib. Ölkənin informasiya mühitinin çirkləndirilməsinə təşəbbüslər göstərilib. Bu baxımdan Azərbaycan informasiya məkanında məzmun təhlükəsizliyi məsələsinə dövlət təhlükəsizliyinin ayrılmaz hissəsi kimi yanaşıb. Bu sahədə qazandığı təcrübəni beynəlxalq platformalara da ötürür. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda mövzu üzrə öz təcrübəsini təqdim edib".

Ekspert vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı, D8, Türk Dövlətlər Təşkilatı müstəvisində, həmçinin, müttəfiq ölkələrlə birlikdə media platformaları yaradılıb: "Bu platformaların əsas funksiyalarından biri informasiya savaşlarına, dezinformasiya təhdidlərinə qarşı birgə müqavimət göstərməkdən ibarətdir. Bu cür təşəbbüslər regional və qlobal informasiya məkanında etimadlı mühitin yaradılması üçün mühüm əhəmiyyətə malikdir".

Nərmin İsayeva