BAKI, 19 may. TELEQRAF
"Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin bu məsələlərə həssas olduğunu bir daha sübut edir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, məsələ bu və ya digər problemi səsləndirmək, onu ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarət deyil: "Əsas məqsəd, həm də zəruri olan mövzular üzrə həll yollarının tapılmasıdır. İnanıram ki, Forum zamanı aparılan müzakirələr, təqdim olunan layihələr, təkliflər, qəbul olunacaq sənədlər gələcəyin dayanıqlı şəhər modelini müəyyən edəcəkdir" .
O bildirib ki, şəhərlərimizin gələcəyi artıq yalnız memarlıq layihələri ilə deyil, həm də möhkəm hüquqi baza və onların effektiv icra mexanizmləri ilə ölçülür.
"Azərbaycan Parlamenti iqlim dəyişikliyi və dayanıqlı şəhər inkişafı çağırışlarına operativ reaksiya verir. Qanunvericilik bazamız təkmilləşir. Parlamentin müvafiq komitələri dövlət orqanları və vətəndaş cəmiyyəti ilə ictimai dinləmələr keçirir. Eyni zamanda, ölkəmizdə aparılan maarifləndirmə tədbirlərini qeyd etmək lazımdır. Bu dayanıqlı inkişafın həm hüquqi, həm də sosial ölçülərinin gücləndirilməsinə xidmət edir".