BAKI, 19 may. TELEQRAF

“Erməni xalqı durğunluq psixologiyasından əl çəkməli və Ermənistan Respublikasını vətən və sığınacaq kimi qəbul etməlidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri və hakim “Vətəndaş Müqaviləsi” partiyasının sədri Nikol Paşinyan Spitakda seçiciləri ilə görüşdə vətən, sülh və Qarabağ erməniləri haqda danışarkən deyib.

“Nəhayət, vətən axtarışı prosesinin başa çatdığını bəyan etməliyik. Biz öz vətənimizi tapmışıq, bu, Ermənistan Respublikasıdır”, - Baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, əgər Qarabağ və digər yerlərdə yaşamaq ideyası insanların şüuraltında yaşamağa davam edərsə, Ermənistan vətən kimi deyil, müvəqqəti dayanacaq kimi qəbul ediləcək:

“Əgər şüuraltımızda daim Vana, Muşa, Qarabağa və ya Naxçıvana getmək məcburiyyətində qalırıqsa, ölkəmizə müvəqqəti dayanacaq yeri kimi yanaşmağa başlayırıq”.

Nikol Paşinyan bunu yol kənarında dayanacaqda olmaq hissi ilə müqayisə edib:

“İnsan bu halda tam dincələ və ya özünü təhlükəsiz hiss edə bilmir. Bugünkü siyasi prosesin əsas məqsədi Ermənistan Respublikasının dayanacaq yeri kimi qəbul edilməsini dəyişdirməkdir. Biz çatmışıq”.

Baş nazir həmçinin Qarabağ ermənilərinə müraciət edərək vurğulayıb ki, onlar da durğunluq hislərini dəyişməli və Ermənistanda məskunlaşmalıdırlar:

“İndi onlar bura gəliblər, biz istəyirik ki, bu insanlar da bizim kimi məskunlaşsınlar, dayanacaq hissini təyinat yeri hissi ilə əvəz etsinlər”.