BAKI, 19 may. TELEQRAF

İqlim dəyişiklikləri, qlobal temperaturun artması və bunun nəticəsi olaraq təbii fəlakətlərin başvermə dinamikası bəşəriyyəti narahat edən, həllinə kompleks yanaşma tələb edən problemdir.

Teleqraf xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, digər ölkələr kimi, Azərbaycan da iqlim dəyişikliklərindən irəli gələn əlverişsiz təbiət hadisələrinə həssasdır:

"Sel daşqınları, torpaq sürüşmələri, ekstremal istilik dalğaları, quraqlıq, meşə yanğınları ölkə iqtisadiyyatına, ictimai sağlamlığa ciddi zərər vurur, infrastruktur obyektlərinin normal fəaliyyət rejimini pozur, insanların həyat ritminə neqativ təsir göstərir. Bu baxımdan iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə tədbirlərini əhali və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən fəaliyyətin ayrılmaz hissəsi kimi nəzərdən keçiririk. İqlimə həssaslığın artdığı bir dövrdə lokal, regional və ya qlobal erkən xəbərdarlıq sistemlərinin yaradılması və səmərəli fəaliyyəti iqlim təsirlərinə adaptasiya proseslərinin başlıca komponentlərindən biridir.

O bildirib ki, müasir dövrün çağırışları artıq innovativ proqnozlaşdırma metodlarının, təbii fəlakət risklərinin azaldılmasına qabaqlayıcı yanaşmanın tətbiqini zəruri edir:

"Hamı üçün erkən xəbərdarlıq kimi qlobal təşəbbüslər məhz dünya əhalisinin iqlim dəyişikliyinin ağır təbii fəsadları barədə informasiyaya əlçatımlığını təmin edə bilər.Azərbaycanda erkən xəbərdarlıq sisteminin yaradılması sahəsində aidiyyəti qurumlar tərəfindən bir sıra təlim və layihələrin icra olunduğunu, müzakirələrin aparıldığını da vurğulamaq lazımdır".

O qeyd edib ki, burada əsas məqsəd ictimaiyyətin maarifləndirilməsi və hazırlığı, yerli səviyyədə fəlakət risklərinin idarə edilməsi işinin planlaşdırılması və həyata keçirilməsi, yerli, regional və ölkə miqyasında tələblərə cavab verən kommunikasiya sistemlərinin təşkilidir.

"Fövqəladə Hallar Nazirliyi genişmiqyaslı erkən xəbərdarlıq sistemlərinin formalaşdırılması ilə bağlı təşəbbüsləri dəstəkləyir, qurumlararası əməkdaşlığa öz töhfəsini verməyə hazırdır.Hörmətli həmkarlar!Digər prioritet məsələ - iqlimə dayanıqlı şəhərlərin inkişafı, infrastrukturun iqlim dəyişikliyinə adaptasiyası məsələsidir. Şəhərlərin iqlim təsirlərinə dayanıqlığının artırılması bir çox amillərdən asılıdır. Ərazi planlaşdırma sənədlərinin hazırlanması, layihələndirmə prosesində daha optimal konstruktiv həllərin seçilməsi, enerji səmərəliliyi və "yaşıl texnologiyalar", şəhər infrastrukturunun əlçatımlığı "iqlimə dayanıqlı şəhərləri"
xarakterizə edən mühüm amillərdir".