BAKI, 17 sentyabr. TELEQRAF
Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Kanadanın Aİ-nin assosiativ üzvü statusunu əldə etməsindən sonra Avstraliya və Yeni Zelandiyanın da bu statusu ala biləcəyinə işarə edib.
Teleqraf xəbər verir ki, bu barədə Roberta Metsola "Euronews"a müsahibəsində deyib.
"Biz üçüncü ölkələrlə əməkdaşlığın müxtəlif formalarına malikik. Bu halda münasibətlərimizi dərinləşdirmək istədiyimiz ölkələrdən söhbət gedir. Onların sırasında Kanada da var və şübhə etmirəm ki, digər ölkələr də bu sıraya daxil olacaq. Biz bunu artıq görmüşük. Avstraliya və Yeni Zelandiya buna nümunədir", - AP sədri bildirib.
R. Metsola qeyd edib ki, bu ölkələr Aİ ilə münasibətləri dərinləşdirmək istəklərini açıq şəkildə nümayiş etdirirlər:
"Bu, yalnız hüquqi sahə ilə məhdudlaşmır, ticarət, uşaqların sosial şəbəkələrə çıxışının tənzimlənməsi, kritik resurslarla təminat və siyasi ittifaqların formalaşdırılması məsələlərini də əhatə edir. Qlobal gərginlik dövründə müttəfiqlər çox vacibdir. Əgər müttəfiqlərimizlə birlikdə daha çox iş görə biləriksə, bunu etməliyik".