BAKI, 16 sentyabr. TELEQRAF
Regional inteqrasiya layihələrinin böyük əhəmiyyət qazandığı bir dövrdən keçirik.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər Kürşad Zorlu Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu layihələrdən biri də Türk dövlətləri arasındakı əlaqələrin başda iqtisadi və ticari sahələr olmaqla, bir çox istiqamətdə inkişafını təşviq edəcək zəminə malik Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki münasibətlərdir.
"Bu gün də beyin mərkəzlərinin bir araya gəldiyi bu mühüm zirvədə önümüzdəki dövrdə nələrin edilə biləcəyini, inkişaf prioritetlərimizin nələr ola biləcəyini və strateji hədəflərimizi ortaya qoyan araşdırmaları birlikdə qiymətləndirəcək, onların konkret nəticələrini ölkələrimizdə tətbiq etməyə çalışacağıq. Bu gün biz təşkilat olaraq dünyada ilk 10 iqtisadiyyatdan birinə çevrilmişik. Önümüzdəki yaxın gələcəkdə Türk dövlətləri arasındakı iqtisadi inteqrasiya yalnız regional əməkdaşlığımız üçün deyil, qlobal miqyasda dünya ticarəti baxımından da böyük əhəmiyyət kəsb edir.
Bu əhəmiyyətlə bağlı olaraq xüsusilə Xəzər keçidli Şərq-Qərb Orta Dəhliz layihəsi son dərəcə kritik və həyatidir.
Biz Türkiyə olaraq bu layihəni bir addım da irəliyə aparmaq əzmindəyik. Çünki dərhal cənub xəttimizdə İraq ilə İnkişaf Yolu layihəsinin ilkin razılaşma protokolu imzalandı və digər tərəfdən Suriya üzərindən başlayacaq tarixi Hicaz Dəmir Yolu layihəsinin həyata keçirilməsi hədəflənir. Orta Dəhlizi Cənub Dəhlizinə bağlayacaq bu yeni baxış bucağı Türkiyə üzərindən Türk dünyasının üstünlük sahəsinə keçirilə bilmə potensialına malikdir.
TDT-nin yaxınlaşan 13-cü Dövlət Başçıları Zirvəmiz Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada baş tutacaq. Bütün ölkələrimizlə birlikdə bu zirvəyə çox ciddi hazırlaşırıq", - Kürşad Zorlu vurğulayıb.