BAKI, 17 sentyabr. TELEQRAF
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarına və onların ailə üzvlərinə tibbi xidmətlərin göstərilməsi Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Agentliyin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik, stasionar tibbi yardım, tibbi reabilitasiya və sağlamlaşdırmanın təmin edilməsi DİN tərəfindən həyata keçiriləcək.
Maliyyə Nazirliyi bu xidmətlərin icrası üçün tələb olunan vəsaitlərin hər il növbəti ilin dövlət büdcəsi layihəsi tərtib edilərkən DİN-in saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin edəcək. Aidiyyəti maliyyələşmə Agentliyin DİN ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdiriləcək.
Qərarla "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında" Nazirlər Kabinetinin 2024-cü il 29 yanvar tarixli 54 nömrəli Qərarı ləğv edilir.
Sənəd 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.