BAKI, 16 sentyabr. TELEQRAF
Orta Dəhlizin uğuru yalnız fiziki infrastrukturdan, limanlardan, dəmir yollarından, avtomobil yollarından və logistika mərkəzlərindən asılı olmayacaq.
Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.
O bildirib ki, bu, həm də uyğun sistemlər, uyğunlaşdırılmış standartlar, səmərəli sərhəd prosedurları, əlaqələndirilmiş tariflər və etibarlı fider xidmətləri ilə dəstəklənməlidir.
"Məhz buna görə də TDT Sadələşdirilmiş Gömrük Dəhlizi, e-Permit, e-CMR və Rəqəmsal TIR kimi təşəbbüslər üzərində işləyir. Bu layihələr ləngimələri azalda, xərcləri aşağı sala və nəqliyyat operatorları ilə investorlar arasında inamı artıra bilər. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsi də regional əlaqəlilik üçün mühüm imkanlar təqdim edir. Daha geniş Orta Dəhliz şəbəkəsi ilə birlikdə, bu layihə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa bazarı arasında əlaqələri möhkəmləndirməklə yanaşı, mallar, investisiyalar və insanlar üçün yeni marşrutlar yarada bilər", - o vurğulayıb.
Baş katibin sözlərinə görə, əlaqəlilik regional dəyər zəncirlərinin inkişafını da dəstəkləməlidir:
"Kənd təsərrüfatı, qida emalı, logistika, energetika, istehsalat, turizm və rəqəmsal xidmətlər də daxil olmaqla, ölkələrimizin bir-birini tamamlayan güclü tərəflərə malik olduğu sektorlarda birgə istehsalı və investisiyanı təşviq etməliyik".