BAKI, 17 sentyabr. TELEQRAF
Zirə qəsəbəsində 198,45 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, qoyuluş gücü 100 MVt olan günəş elektrik stansiyasının və 30 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin tikintisi məqsədilə Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 198,45 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Energetika Nazirliyi bu qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirməlidi.
Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 198,45 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 3-cü hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.