BAKI, 16 sentyabr. TELEQRAF
“Azərkimya” İstehsalat Birliyindən istehsal olunan hazır məhsullar Türkiyə, Çin, Avropa ölkələri, o cümlədən Estoniya və digər ölkələrə ixrac həyata keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə SOCAR-ın «Azərkimya» İstehsalat Birliyinin istehsalat prosesləri üzrə direktoru Samir Səlimli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müəssisənin istehsal gücü “SOCAR Polymer” və “Azərkimya”nın daxili tələbatı nəzərə alınmaqla 2016–2021-ci illərdə həyata keçirilən layihə çərçivəsində tam şəkildə artırılıb:
“Bu layihə nəticəsində etilen üzrə məhsuldarlıq 40%, propilen üzrə isə 70% artırılıb.
Artıq 5 ildir ki, qurğu bu formada və bu məhsuldarlıqla fəaliyyət göstərir. Hazırda aktiv fazada davam edən modernizasiya və rekonstruksiya layihəmiz var. Layihə avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edir. Mühəndislik fazası 95% tamamlanıb. Növbəti ildən etibarən sahə işlərinə başlanılacaq”.