BAKI, 17 sentyabr. TELEQRAF
“Ermənistan məktəblərində “Real Ermənistan” ideologiyasına zidd fikirlər (qonşu ölkələrə qarşı ərazi iddiaları – red.) səsləndirilməməlidir”.
Teleqraf xəbər verir ki, bunu “Hərtərəfli təhlükəsizlik və dayanıqlılıq - 2026” beynəlxalq konfransında çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, hökumət bunun qarşısını almaq üçün addımlar atmalıdır, çünki baş verənlər Ermənistan üçün təhlükə yaradır. Paşinyan vurğulayıb ki, hərtərəfli təhlükəsizliyin qurulması yolunda bu məsələlərin necə qavranılması son dərəcə vacibdir:
“2024-cü ilin yazında parlamentdə “Real Ermənistan” ideyası haqqında danışanda mənə bir əhvalat danışdılar və bu, məni heyrətləndirdi. Deputatlardan biri belə reaksiya vermişdi: “Yəni o demək istəyir ki, Muş və Van (Türkiyə bölgələri - red.) bizim deyil?”. Bu, bəlkə də qəribə reaksiya kimi görünə bilər, amma əslində bir çox sualların cavabıdır, çünki təhlükəsizliklə bağlı bir çox problemlər məhz bizim düşüncəmizdən - reallığı və mühiti necə qavramağımızdan başlayır. Vətəndaşlarla bu yaxınlarda keçirilən görüş zamanı onlardan biri söylədi ki, “Tarix” fənni dərsində müəllim onun uşağına deyib ki, böyüdükdə Muş və Vanı “azad” (işğal – red.) etməlidirlər”.
Ermənistan hökumətinin başçısının qiymətləndirməsinə görə, bunlar adətən konfranslarda müzakirə olunmayan məsələlərdir.
Nikol Paşinyan əlavə edib ki, sülh müqaviləsinin paraflanmasından sonra Ermənistanda tanınmış platformalarda “Artsax Respublikası”nı azad etmək (Azərbaycanın Qarabağ bölgəsinin işğalı nəzərdə tutulur - red.) üçün güclənməliyik” tezisi irəli sürülüb.
Baş nazir bunu Ermənistanın bütün Qarabağ prosesi ərzində qarşılaşdığı fundamental problem adlandırıb. Onun sözlərinə görə, danışıqlar masası arxasında və ictimai platformalarda paralel olaraq iki fərqli ritorika və yanaşma mövcud olub:
“Bu vəziyyəti davam etdirmək, xüsusilə sosial şəbəkələrin meydana çıxmasından sonra məntiqsiz oldu. Çünki sosial şəbəkələr daxili və xarici diskurslar arasında mövcud olan sərhədləri aradan qaldırdı”.