BAKI, 16 sentyabr. TELEQRAF
Danimarka tədqiqatçıları yeni araşdırmada Roma İmperiyasının çiçəklənmə dövrünə aid “Bütün yollar Romaya aparır” ifadəsini təkzib ediblər.
Teleqraf “Videnskab”a istinadla xəbər verir ki, elm adamlarına bu nəticəyə gəlməyə qədim yolların ətraflı xəritələndirilməsi imkan verib.
Tədqiqatçılar e.ə. 753-cü ildə Romanın əsası qoyulduğu vaxtdan başlayaraq eramızın 476-cı ilində imperiyanın süqutuna qədər mövcud olmuş ümumilikdə 300 min kilometr yol şəbəkəsini təhlil ediblər. Yol şəbəkəsinin landşaft strukturları araşdırılıb, Avqust, Neron və Mark Avreli kimi imperatorların hakimiyyətləri dövründə yolların nisbi yerləşməsini modelləşdiriblər. Məlum olub ki, imperiyanın mərkəzi şəhərləri Antakya, Ankara və Bizans olub, Roma deyil.
“Şübhəsiz ki, Roma imperiyanın dominant şəhəri idi, amma yol şəbəkəsində mərkəzi mövqeyə malik deyildi. “Buna görə də bütün yolların Romaya aparması təsəvvürü yalnız simvolik məna daşıyır. Bunun əvəzinə belə demək lazım idi: “Bütün yollar Romaya və bütün digər yerlərə aparır”, - Orxus Universitetinin arxeoloqu Tom Bruqmans deyib.
Yolların heç də hamısı Roma hərbçiləri tərəfindən asfalt və ya betondan tikilməmişdi: “Bu, yolların yalnız üçdə birinə aiddir. Buna görə də qalan təxminən 200 min kilometr yol çınqıldan ibarət idi, əksər hissəsi hərbçilər tərəfindən deyil, yerli fəhlələr və ya mühəndislər tərəfindən salınmışdı”.