BAKI, 16 sentyabr. TELEQRAF
11-13 sentyabr 2026-cı il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində həmin ölkənin Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə, gənc və böyüklər arasında karate idman növü üzrə beynəlxalq turnir keçirilib.
Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, turnirdə dünyanın 40-a yaxın ölkəsindən 2400-dən çox idmançı kata və kumite yarışlarında qüvvəsini sınayıb.
Mötəbər yarışda iştirak edən Azərbaycan Karate Federasiyasının və FHN-in İdman-sağlamlıq klubunun uşaqlardan ibarət karate komandasının üzvləri yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, kumite yarışlarında uşaqlar arasında -24kq çəki dərəcəsində (U-8 kateqoriyasında) Çingiz Abbasov 5 döyüş, -42kq çəki dərəcəsində (U-14 kateqoriyasında) isə Nəzrin Şahməmmədli 6 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bundan əlavə, komandanın digər üzvü -35kq çəki dərəcəsində (U-12 kateqoriyasında) Ramal Şahməmmədli 5 döyüş keçirərək gümüş medala yiyələnib.
Qaliblərə Macarıstan Karate Federasiyasının təsis etdiyi kubok, medal və diplomlar təqdim edilib.
Qeyd edək ki, komanda məşqçi-müəllim Coşqun Sadıqovun rəhbərliyi altında yarışlara hazırlanaraq mübarizə aparıb.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev uğur qazanmış idmançılar və komandanınn məşqçi-müəllimi ilə görüşərək onları qazandıqları nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.