BAKI, 16 sentyabr. TELEQRAF

Bakıda 30 il əvvəl Gülməmməd Bayramovu qətlə yetirməkdə ittiham olunan Şahin Cəlilov və Hidayət Qafarovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şahin Cəlilov ifadə verib.

O, həmin vaxt - 1996-cı ildə Bakıda tikintidə işlədiyini deyib.

Təqsirlənidrilən şəxsin sözlərinə görə, o, özü tikintidə, Hidayət Qafarov isə tikinti satışı ilə məşğul olan mağazada işləyib: "Qətl hadisəsi baş verən gün Hidayətlə "Neftçilər" metrosu yaxınlığındakı kafedə yeyib-içdik, ikimiz də sərxoş olduq. Kafedən çıxanda qaranlıq düşmüşdü. Hidayətə dedim ki, gəl bir maşın aparaq. Hidayət gedib bir taksi tapdı, mən isə onu metronun girişində gözlədim. O, taksi ilə yaxınlaşanda keçib arxa oturacaqda əyləşdim və yola düşdük.

Yolda mərhumla xeyli söhbət elədik. Sezdirmədən idman geyimimin kəndirini çıxarıb qəfil sürücünün boğazına atdım, kəndir ağzına keçdi. O, maşını saxladı, su içmək istədiyini dedi. Hidayət maşından düşdü, tapdığı balaca qabı götürərək yaxınlıqdakı borudan su gətirməyə getdi. O, gedən kimi kəndiri sürücünün boğazına dolayıb boğdum. Hidayət qayıdanda köməkləşib meyiti beton tunelə tulladıq".

Şahin Cəlilov bildirib ki, maşını aparıb Hidayətin qardaşının qapısında qoyublar: "Hidayətə dedim ki, maşından heç nə istəmirəm, onu yox elə getsin. O da maşını doğratdırıb hissələri satdı".

Növbəti məhkəmə prosesi oktyabrın 14-də davam edəcək.

Qeyd edək ki, 10 aprel 1996-cı ildə Bayramov Gülməmməd Xanəhməd oğlunun qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşdikləri məlum olub. Onların Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində hərəkətdə olarkən sürücünü iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə adları qeyd olunan şəxslər tərəfindən meyitin Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədilməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satılması və əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair mötəbər dəlillər əldə olunub.

Qeyd edilən şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

Cari il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.