BAKI, 20 iyul. TELEQRAF

Hindistanın paytaxtı Yeni Dehlidə gənclər hərəkatı "Cockroach Janta Party" tərəfindən təşkil edilən yürüşün dağıdılması zamanı azı 118 polis əməkdaşı və 60 etirazçı yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Etirazçılar aqressiv və nizamsız davranıb, zorakılığa əl atıblar və polisin dağılışmaq əmrlərinə məhəl qoymayıblar. Etirazçılar polis əməkdaşlarına daş və digər əşyalarla hücum ediblər, polis maneələrini aşmağa cəhd ediblər, rəsmi və digər dövlətə məxsus nəqliyyat vasitələrini dağıdıblar, ictimai əmlaka ziyan vurublar və genişmiqyaslı zorakılığa əl atıblar ki, bu da ictimai asayişə, təhlükəsizliyə və polis əməkdaşlarının həyatına ciddi təhlükə yaradıb" - məlumatda qeyd olunur.

Təxminən 70 etirazçı saxlanılıb. Polis bildirib ki, qanunsuz hərəkətlərdə və zorakılıqda iştirak edən bütün şəxslərə qarşı qanuna uyğun olaraq sərt tədbirlər görüləcək.