BAKI, 29 aprel. TELEQRAF

Mayın 1-dən Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ formatından çıxacağını​ açıqlayan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdə müharibənin uzanacağı və ölkədə iqtisadi problemlərin dərinləşəcəyi təqdirdə ABŞ-dən maliyyə dəstəyi almaq imkanını, yəni valyuta svop xəttinin açılmasını gündəmə gətirib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd edək ki, 1974-cü ildə Səudiyyə Ərəbistanı ilə ABŞ arasında əldə olunan razılaşmadan sonra dünya bazarında neft qiymətləri əsasən dollarla formalaşır. Bu səbəbdən neft müəyyən mənada dollar üçün “təminat” rolunu oynayır və “neft-dollar” anlayışı geniş yayılıb.

BƏƏ dollar çap edə bilməsə də, daha çox neft sata bilir. Bu isə o deməkdir ki, sabit məzənnə şəraitində gəlirlərin həcmi neftin qiymətindən və ixrac olunan həcmlərdən asılıdır. Lakin qeyd olunmalıdır ki, tələb əsasında işləyən ABŞ-nin “pul çapı mexanizmindən” fərqli olaraq, neft sektorunda tələb və təklif məhdudiyyətləri mövcuddur.

Bu məhdudiyyətlərə ehtiyatlar, istehsalın xüsusiyyətləri, məhsulun realizə prosesləri, eləcə də OPEC və OPEC+ çərçivəsində əldə olunan razılaşmalar daxildir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəminin məzənnəsi 1997-ci ildən e 1 ABŞ dolları üçün 3,67 dirhəm səviyyəsində müəyyən edib.

Dirhəmin dollara qarşı təxminən 30 il ərzində sabit qalmasının əsas səbəblərindən biri ölkədə neftin maya dəyərinin dünyada ən aşağı səviyyələrdə olmasıdır. Bu, cari əməliyyatlar hesabının balansını qorumaq üçün mühüm rol oynayır.