BAKI, 2 sentyabr. TELEQRAF

Venesuela Milli Assambleyası ABŞ ilə neft sahəsində ikitərəfli sazişin bağlanmasını dəstəkləyib.

Teleqraf xəbər verir ki, bunu Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges Teleqram kanalında açıqlayıb.

“Bolivar Venesuela Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli enerji sazişinin elan edilməsini dəstəklədik”, - Rodriges bildirib.

Telesur telekanalının məlumatına görə, iki ölkə hökuməti rəsmi sənədi hələ təqdim etmədiyindən parlament sazişin mətnini müzakirə etməyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard bareldən çox hissəsinin ABŞ-ın nəzarətinə keçməsini nəzərdə tutan razılaşmanın əldə edildiyini açıqlamışdı.

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges isə sazişin 25 il müddətinə bağlandığını və 17 yatağın işlənməsini nəzərdə tutduğunu bildirib.