BAKI, 2 sentyabr. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanında yerləşən ABŞ hərbi bazalarındakı obyektlərə zərbələr endirdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasına istinadən “Fars” agentliyi məlumat yayıb.

Açıqlamaya görə, SEPAH qüvvələri Ərbildəki ABŞ bazalarına raket və pilotsuz uçuş aparatları ilə kombinə edilmiş hücum həyata keçirib.

İran tərəfi zərbələr nəticəsində təmir mərkəzinin və texniki avadanlıq anbarlarının məhv edildiyini, həmçinin ABŞ-a məxsus kəşfiyyat aerostatının idarəetmə sisteminin sıradan çıxarıldığını iddia edib.

ABŞ tərəfi hələlik SEPAH-ın açıqladığı nəticələri təsdiqləməyib.

Bundan əvvəl İran Bəhreyn və İordaniyadakı ABŞ hərbi bazalarına da hücumlar həyata keçirdiyini açıqlamışdı.