BAKI, 1 sentyabr. TELEQRAF
Türkiyənin ticarət naziri Ömər Bolat Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Cənab nazir, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması məqsədilə yaxın perspektivdə hansı konkret addımların atılması planlaşdırılır? Bu prosesdə hansı sektorlar prioritet hesab olunur?
- Azərbaycan malik olduğu yüksək potensial, coğrafi yaxınlıq və ölkələrimiz arasındakı güclü iqtisadi əlaqələr baxımından Türkiyə üçün strateji əhəmiyyətini qoruyan və prioritet ixrac tərəfdaşlarımızdan biri olaraq qalır. Dost və qardaş ölkə Azərbaycan Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və tranzit ticarətimiz baxımından da hər zaman strateji əhəmiyyət daşıyıb. Ticarət və iqtisadi əlaqələrimizin daha da genişləndirilməsi və davamlı şəkildə inkişaf etdirilməsi prioritet siyasət məqsədlərimiz sırasındadır.
Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu güclü siyasi iradə və “Türkiyə əsri” vizyonu istiqamətində qardaş Azərbaycanla iqtisadi və ticari əlaqələrimizi bütün sahələrdə daha da inkişaf etdirməyi, “bir millət, iki dövlət” anlayışımızı ticarət, investisiya, nəqliyyat və istehsal sahələrində daha güclü əməkdaşlıqla möhkəmləndirməyi hədəfləyirik. Yaxın perspektivdə əsas məqsədimiz mövcud ticarəti yalnız həcm baxımından artırmaq deyil. Qarşılıqlı ticarətin predmetini təşkil edən məhsulların çeşidini genişləndirmək, yüksək əlavə dəyər yaradan sektorların payını artırmaq, şirkətlərimiz arasında birbaşa əməkdaşlığı daha güclü və davamlı etmək istəyirik.
Bu məqsəd istiqamətində hazırda güclü olduğumuz sahələrdə birgə əməkdaşlığın payını çoxaltmaqla yanaşı, hələ kifayət qədər dəyərləndirilməyən sahələrdə də yeni ticarət və əməkdaşlıq imkanları yaratmağı qarşıya məqsəd qoyuruq. Bundan əlavə, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin artırılması məqsədilə qarşıdakı dövrdə nəqliyyat və logistika infrastrukturunun gücləndirilməsi, gömrük prosedurlarının rəqəmsallaşdırılması və qarşılıqlı investisiyaların artırılması istiqamətində işlərimizi davam etdiririk.
Sözügedən addımların həyata keçirilməsi ilə iki ölkə arasında ticarətin şaxələndirilməsini, təchizat zəncirlərinin gücləndirilməsini və iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsini hədəfləyirik. Qarşılıqlı etimad və ortaq baxış çərçivəsində atılacaq hər bir konkret addımın iqtisadi əlaqələrimizə yeni dinamika qazandıracağına inanırıq. İkitərəfli ticarətimizdə önə çıxan sektorlar sırasında avtomobil sənayesi, maşın və avadanlıqlar, elektrik və elektronika, mədən, metal və meşə məhsulları sektorlarını qeyd edə bilərik. Bununla yanaşı, kənd təsərrüfatı və ərzaq məhsulları da Türkiyə ilə Azərbaycan arasındakı ticarət əlaqələrində prioritet və güclü əməkdaşlıq sahələrindən biridir.
Digər tərəfdən, müdafiə və aviasiya sənayesi də ikitərəfli ticarətimizdə mühüm əhəmiyyət daşıyan sahələrdəndir. Belə ki, ötən aylarda Müdafiə Sənayesi Başkanlığımız tərəfindən Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə strateji imkanların inkişafı və ekosistemin transformasiyasını hədəfləyən əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanmış müqavilə çərçivəsində Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində hərtərəfli transformasiya perspektivinin yaradılması hədəflənir.
Azərbaycanla ticarətimizdə mal ticarəti qədər xidmət ticarəti də, xüsusilə son illərdə qlobal ticarət dövriyyəsində artan payına paralel olaraq, mühüm əhəmiyyət qazanıb. 2024-cü ildə Azərbaycanla ikitərəfli xidmət ticarətimizin həcmi 1,2 milyard dolları ötüb. Bu göstəricilərə səyahət xidmətləri daxil deyil.
Turizm göstəricilərinə nəzər saldıqda isə 2025-ci ildə Azərbaycandan Türkiyəyə təxminən 927 min ziyarətçinin gəldiyini görürük. Hər il ölkəmizi ziyarət edən Azərbaycan vətəndaşlarının sayı artır və biz bu göstəriciləri qarşılıqlı xidmət ticarəti baxımından müsbət göstəricilər kimi qiymətləndiririk.
İkitərəfli xidmət ticarətimizin həcminin qarşıdakı dövrdə daha da artırılması Azərbaycanla ölkəmiz arasındakı əlaqələrdə prioritetlərimizdən biridir. Türk podratçı şirkətləri bu günədək Azərbaycanda təxminən 22,3 milyard dollar dəyərində layihələr həyata keçiriblər. Bundan əlavə, Azərbaycan son dövrlərdə türk texniki məsləhətçilik şirkətlərinin də böyük maraq göstərdiyi bazara çevrilib. Türk texniki məsləhətçilik şirkətləri bu günədək Azərbaycanda 587 milyon dollar dəyərində layihələr həyata keçiriblər. Bu çərçivədə podratçılıq və texniki məsləhətçilik sektorlarını Azərbaycanla əlaqələrimizdə mühüm əməkdaşlıq sahəsi hesab edirik. Rəqəmsal xidmətlər sahəsində iki ölkə arasındakı texnoloji inteqrasiyanı sürətləndirmək, səhiyyə və mədəniyyət xidmətləri sahəsində yeni əməkdaşlıqlar qurmaq, qarşılıqlı tələbə mübadiləsini daha güclü şəkildə dəstəkləmək də planlarımız sırasındadır.
Bu çərçivədə Türkiyə ilə Azərbaycan arasında mövcud güclü siyasi və iqtisadi əlaqələrin yaratdığı zəmin əsasında xidmət ticarətinin şaxələndirilməsi və qarşılıqlı investisiyaların artırılması yolu ilə ikitərəfli ticarət dövriyyəsinə əlavə töhfə verilməsi hədəflənir. Türkiyə və Azərbaycan arasında 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə nail olunması baxımından iqtisadi əlaqələrin institusional əsaslarını gücləndirən Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi və ölkələrimiz arasında Azad Ticarət Sazişinin imzalanmasına dair kəşfiyyat xarakterli danışıqlara başlanılması böyük əhəmiyyət daşıyır.
Bütün bunlarla yanaşı, Zəngəzur dəhlizinin açılması və bu xəttin Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Dəhlizə tam inteqrasiyası ticarətin sürətini artıraraq xərcləri azaltmaqla multiplikativ təsir yaradacaq. Bu inkişaflar fonunda sənaye, enerji, tikinti, kənd təsərrüfatı və xidmət sektorları başda olmaqla, bütün sahələrin Türkiyə-Azərbaycan ticarət və iqtisadi əlaqələri çərçivəsində inkişafını davam etdirəcəyini qiymətləndiririk.

- Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə-Azərbaycan iqtisadi və ticari əməkdaşlığında əldə olunan nailiyyətləri necə qiymətləndirirsiniz? Əməkdaşlığın yeni dövrdə hansı sahələrdə dərinləşəcəyini gözləyirsiniz?
- Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərini rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı, ticarət, iqtisadiyyat və logistika sahəsində inteqrasiyamız baxımından da tarixi dönüş nöqtəsi olub. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə formalaşan və Azərbaycan Prezidenti İlham Əliyevlə ortaya qoyulan güclü siyasi iradə Şuşa Bəyannaməsi ilə yalnız siyasi və strateji əlaqələrimizə deyil, iqtisadi və ticari əməkdaşlığımıza da güclü istiqamət verib.
Şuşa Bəyannaməsinin imzalanmasından ötən dövrdə ikitərəfli ticarət əlaqələrimizdə kəmiyyət artımından daha çox keyfiyyət baxımından dərinləşmə əldə etmişik və liderlərimizin müəyyən etdiyi 15 milyard dollarlıq ikitərəfli ticarət dövriyyəsi hədəfinə əmin addımlarla irəliləyirik. Şuşa vizyonu istiqamətində mövcud Preferensial Ticarət Sazişimizin əhatə dairəsi 1 avqust 2024-cü ildə genişləndirilib. Daha çox kənd təsərrüfatı və sənaye məhsulunun qarşılıqlı şəkildə güzəştli bazara çıxış imkanına qovuşması və qarşılıqlı investisiyaların artması biznes dünyamızın rəqabət qabiliyyətini gücləndirib.
İşğaldan azad edilmiş torpaqların yenidən qurulması isə türk podratçı və məsləhətçilik şirkətlərinin rəhbərliyi ilə həyata keçirilib. İnfrastruktur, üstqurum, hava limanları və “ağıllı şəhər” layihələrində şirkətlərimizin fəal iştirakı yalnız iqtisadi nailiyyət deyil, eyni zamanda tarixi məsuliyyətin yerinə yetirilməsidir.
- Orta Dəhlizin inkişaf etdirilməsi və Zəngəzur dəhlizinin açılması perspektivi Türkiyə-Azərbaycan ticarətinə və regionun logistika imkanlarına hansı töhfələri verəcək?
- Nəqliyyat dəhlizləri vasitəsilə yalnız ticari, iqtisadi və investisiya əlaqələrinin deyil, siyasi və mədəni münasibətlərin də inkişaf etdirilməsi məqsədi qarşıya qoyulur. Son illərdə həm şimalımızda, həm də cənubumuzda baş verən geosiyasi hadisələr və Qırmızı dəniz kimi ənənəvi tranzit marşrutlarında yaranan risklər alternativ və etibarlı ticarət yollarının əhəmiyyətini daha da gücləndirib. Türkiyə bu baxımdan həm güclü və inkişaf etmiş infrastrukturu, həm də geostrateji mövqeyi ilə yeni ticarət marşrutlarında böyük potensiala malikdir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən və inkişaf etdirilən böyük nəqliyyat və infrastruktur layihələri Türkiyənin qlobal ticarət yollarındakı mərkəzi mövqeyini hər keçən gün daha da gücləndirir. Orta Dəhliz və Zəngəzur dəhlizi də bu strateji baxışın regionumuzun rifahına, sabitliyinə və iqtisadi inteqrasiyasına verəcəyi töhfələr baxımından böyük əhəmiyyət daşıyır.
Ölkələrimizin beynəlxalq ticarət yolları üzərindəki strateji mövqeyi həm iki ölkə arasında, həm də Avropa ilə Asiya arasında logistika əlaqələrinin gücləndirilməsinə yönəlmiş əməkdaşlığı təşviq edir. Bu çərçivədə sərnişin və yük daşımalarının asanlaşdırılması məqsədilə dəmir yolları, limanlar və hava limanları da daxil olmaqla nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üçün investisiyalar həyata keçirməyə davam edirik. Bu çərçivədə Orta Dəhliz marşrutu ticarəti daha da asanlaşdıraraq Çin və Avrasiyanı Azərbaycan və Türkiyə üzərindən Avropaya birləşdirir. Beləliklə, Orta Dəhlizin Türkiyə ilə Azərbaycan arasındakı mövcud ticarətin əsas marşrutlarından birini təşkil etdiyi görülür.
Orta Dəhliz üzrə daşımaların artmasının hər iki ölkənin maraqlarına xidmət edəcəyi açıqdır. Bu marşrut üzərində yerləşən Bakı/Ələt Limanı ölkəmizin daşıyıcıları üçün strateji əhəmiyyətə malikdir. Bu çərçivədə Xəzər dənizində Ro-Ro daşımalarında gözləmə müddətlərinin azaldılması və gəmilərin tutumlarının artırılmasına yönəlmiş işlərin sürətlənməsi gözlənilir.
Orta Dəhlizin mühüm komponentlərindən biri olan Zəngəzur dəhlizi isə Asiya və Avropanı Orta Dəhliz vasitəsilə ən qısa avtomobil yolu marşrutu ilə birləşdirərək beynəlxalq əhəmiyyətə malik olmaq potensialına sahibdir. Regional inteqrasiyanın və tranzit nəqliyyatının gücləndirilməsi ilə bu dəhlizin fəaliyyətə başlaması qitələrarası ticarət axınlarının sürətlənməsinə və xərclərin azalmasına mühüm töhfələr verəcək. Bu istiqamətdə ölkəmizdə həyata keçiriləcək logistika və infrastruktur investisiyaları Türkiyə və Azərbaycanın regional ticarət mərkəzləri arasındakı strateji mövqeyini daha da gücləndirəcək və xarici ticarətin böyüməsinə mühüm töhfə verəcək.
Zəngəzur dəhlizi Türkiyənin Naxçıvan Muxtar Respublikası üzərindən Azərbaycana avtomobil və ya dəmir yolu ilə çıxışını təmin edir. Zəngəzur dəhlizi Orta Dəhlizin imkanlarını və səmərəliliyini artıraraq Türkiyə ilə Azərbaycan arasındakı əlaqəni tamamlayan layihə kimi qiymətləndirilir. Dəhlizin fəaliyyətə başlaması ilə ölkələrimiz arasındakı ticarətin daha sürətli, təhlükəsiz və iqtisadi baxımdan səmərəli şəkildə həyata keçirilməsinə töhfə verməsi gözlənilir.
Eyni zamanda bu dəhliz regional əlaqələri gücləndirərək ticarətin sürətlənməsinə, logistika xərclərinin azalmasına və Orta Dəhlizin rəqabət qabiliyyətinin artmasına töhfə verəcək. Xəzər üzərindən keçən Orta Dəhliz vasitəsilə, başda türk dövlətləri olmaqla, Çindən İngiltərəyədək yaradılacaq fasiləsiz bağlantı Zəngəzur dəhlizini qlobal təchizat xəttinə çevirəcək və ölkələrimizin xarici ticarətinə böyük faydalar verəcək.
Zəngəzur dəhlizinin Türkiyə baxımından ən mühüm tamamlayıcı elementlərindən biri Naxçıvan üzərindən ölkəmizə uzanacaq Qars-Dilucu Dəmir Yolu Layihəsidir. Sözügedən layihə Zəngəzur xəttinin həyata keçirilməsi halında Türkiyəni birbaşa Azərbaycan və Xəzər üzərindən keçən Mərkəzi Asiya marşrutlarına bağlayaraq Orta Dəhlizin səmərəliliyini artıracaq. Bu layihəni 2029-cu ildə istifadəyə verməyi planlaşdırırıq. Orta Dəhlizin inkişaf etdirilməsi və Zəngəzur dəhlizinin açılması yalnız ikitərəfli ticarət və iqtisadi əlaqələrimiz baxımından deyil, regional və qlobal ticarət kontekstində də mühüm əhəmiyyət daşıyır. Bu dəhlizlər sayəsində nəqliyyat marşrutları şaxələndiriləcək, ticari bağlantısallıq gücləndiriləcək və daşınma prosesləri daha sürətli, nizamlı və səmərəli olacaq.
Buna görə də nəqliyyat sahəsində əməkdaşlığımız yalnız Türkiyə-Azərbaycan ticarətinə deyil, Xəzər hövzəsindən Avropaya qədər uzanan geniş coğrafiyanın iqtisadi və ticari dinamikasına da töhfə verəcək.
Enerji, nəqliyyat, müdafiə sənayesi, logistika və qarşılıqlı investisiyalar sahəsində dərinləşən əməkdaşlığımız gün keçdikcə artaraq davam edir. Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP), Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri, Bakı-Tbilisi-Qars Dəmir Yolu kimi infrastruktur layihələri və STAR Neft Emalı Zavodu kimi investisiyalar ölkələrimizin infrastruktur, ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığının mühüm göstəriciləridir.
Orta Dəhliz və Zəngəzur dəhlizi ilə bu əməkdaşlığımızın daha da güclənəcəyinə inanıram. Nəticə etibarilə, Orta Dəhlizin inkişaf etdirilməsi və Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Azərbaycan arasında ticarətin daha sürətli, aşağı xərcli və proqnozlaşdırıla bilən şəkildə həyata keçirilməsinə mühüm töhfə verəcək. Hesab edirəm ki, bu layihələr regional nəqliyyat şəbəkələrinin şaxələndirilməsi, logistika imkanlarının artırılması və Türkiyə ilə Azərbaycanın Asiya ilə Avropa arasındakı strateji mövqeyinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
- Türkiyə Azərbaycan iqtisadiyyatına yönəlmiş investisiyaları artırmaq məqsədilə hansı yeni təşviq mexanizmlərini nəzərdən keçirir?
- Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi tərəfdaşlığın yalnız ticarət dövriyyəsinin artırılmasına yönəlmiş əməkdaşlıq olmaqdan çıxaraq qarşılıqlı investisiyaları da təşviq edən hərtərəfli struktura çevrilməsini qarşıya məqsəd qoyur. Bu istiqamətdə əsas hədəfimiz 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaqla yanaşı, investorlarımızın təhlükəsiz və davamlı şəkildə fəaliyyət göstərmələrini təmin etməkdir.
Bu çərçivədə investisiya proseslərini asanlaşdıracaq hüquqi və institusional infrastrukturun inkişaf etdirilməsi vacib amilə çevrilir. Bildiyiniz kimi, ölkəmizlə Azərbaycan arasında qarşılıqlı investisiyaların təhlükəsiz və sağlam şəkildə inkişaf etdirilərək davam etdirilməsi məqsədilə 2011-ci ildə İnvestisiyaların Qarşılıqlı Təşviqi və Qorunması Sazişini imzalamışıq.

- Türkiyə ilə Azərbaycan arasında iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi baxımından ən prioritet sahələr hansılardır? Sənaye, enerji, logistika, rəqəmsal iqtisadiyyat və kənd təsərrüfatı sektorlarından hansı daha çox ön plana çıxır?
- Bu gün gəldiyimiz nöqtədə qeyd etdiyiniz sektorların hər biri inteqrasiyamızı daha yüksək səviyyəyə daşıyacaq strateji iqtisadi sahələrdir. Bütün bu sektorlar üzrə inteqrasiya dinamikasını kompleks yanaşma əsasında qiymətləndiririk. Sözügedən sektorlar arasında logistika və enerji yalnız iki ölkə arasındakı münasibətləri deyil, qlobal ticarət marşrutlarını da yenidən formalaşdırmaq potensialına malik olması baxımından prioritet sahələr kimi önə çıxır.
Logistika iqtisadi inteqrasiyanın fiziki dayağıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi və Xəzər üzərindən keçən Orta Dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi qlobal təchizat zənciri üçün əsas alətə çevrilib. Bu zəncirin kritik halqalarından biri isə Zəngəzur dəhlizidir. Bu dəhlizin açılması nəticəsində Türkiyə ilə Azərbaycan arasında birbaşa, fasiləsiz və yüksək tutumlu logistika xətti yaradılacaq, daşınma xərcləri və müddətləri azalaraq ticari inteqrasiyamız ən yüksək səviyyəyə çatdırılacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu güclü regional əməkdaşlıq və bağlantısallıq vizyonu istiqamətində enerji, nəqliyyat, logistika və rəqəmsallaşma sahələrindəki tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün qətiyyətlə çalışırıq. Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi hər bir böyük layihə yalnız ölkələrimizə deyil, geniş coğrafiyamızın iqtisadi sabitliyinə və rifahına da töhfə verir.
Enerji sahəsində TANAP və Bakı-Tbilisi-Ceyhan ilə sarsılmaz tərəfdaşlığımız artıq təsdiqlənib. Lakin yeni dövrdə diqqət mərkəzimiz bərpaolunan enerjinin inteqrasiyasıdır. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası konsepsiyası əsasında yenidən qurulması, Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Avropaya uzanacaq yaşıl elektrik dəhlizləri enerji əməkdaşlığımızı qalıq yanacaqlardan kənara çıxararaq davamlı gələcəyə istiqamətləndirir.
Sənayedə inteqrasiya fəlsəfəmiz birlikdə istehsal etmək və birlikdə dünyaya satmaq prinsipinə əsaslanır. Müdafiə sənayesi, avtomobil, maşınqayırma, kimya və əczaçılıq sənayesi kimi sahələrdə əməkdaşlığımızı gücləndirməyi hədəfləyirik. Ticarətimizi asanlaşdırmaq məqsədilə elektron ticarət, rəqəmsal gömrük və ortaq rəqəmsal infrastruktur yaradırıq. Rəqəmsal iqtisadiyyat biznes dünyalarımızın bir-birinin bazarlarına bir kliklə çıxışını təmin edəcək və inteqrasiyanı daha geniş təbəqələrə yayacaq.
- Türkiyə şirkətləri bu günədək Azərbaycana təxminən 17 milyard dollar investisiya yatırıb, Azərbaycanın Türkiyədəki investisiyaları isə 21 milyard dolları ötüb. Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumundan konkret olaraq hansı nəticələri gözləyirsiniz? Forumun qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artırılmasına necə töhfə verəcəyini düşünürsünüz? Əldə olunan razılaşmaların icrası prosesi hansı mərhələdədir?
- Birinci Forumun “birlikdə istehsal etmək və birlikdə böyümək” ideyasını düzgün şəkildə əks etdirdiyini düşünürəm. Forum çərçivəsində Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Dərnəyi arasında ticarət və investisiyaların artırılmasına yönəlmiş Fəaliyyət Planı üzrə razılığın əldə olunması, eləcə də iki ölkənin şirkətləri arasında birbaşa sazişlərin imzalanması iki ölkənin iş adamlarını daha da yaxınlaşdırıb.
II Forumdan gözləntimiz də birinci forumda ortaya qoyulan fəaliyyət planı və razılaşmaların konkret investisiyalara çevrilməsi, xüsusilə enerji, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat və yaşıl transformasiya sahələrində yeni birgə layihələrin, birgə istehsal addımlarının və üçüncü ölkələrə yönəlmiş ortaq təşəbbüslərin inkişaf etdirilməsidir.
- Türkiyə ilə Azərbaycan arasında müəyyən edilmiş 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün hansı yeni mexanizmlər üzərində işləyirsiniz?
- Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi və ticari əlaqələr ölkələrimiz arasındakı müstəsna qardaşlıq bağları və “bir millət, iki dövlət” anlayışı əsasında hər keçən gün daha da güclənir. Qarşıdakı dövrdə əsas məqsədimiz qarşılıqlı ticarəti yalnız həcm baxımından artırmaq deyil, məhsul və sektor çeşidini genişləndirərək, investisiyaları və şirkətlərimiz arasındakı əməkdaşlığı gücləndirərək 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə davamlı struktur əsasında çatmaqdır.
Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin ortaya qoyduğu ortaq baxış doğrultusunda müəyyən edilmiş 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfini yalnız çatılması lazım olan rəqəm kimi deyil, ölkələrimiz arasındakı sarsılmaz qardaşlığın iqtisadi sahədəki güclü təzahürü kimi qiymətləndiririk. Bu məqsədə çatmaq üçün bütün mexanizmlərimizi səmərəli şəkildə işə salırıq.
Bu istiqamətdə ilk növbədə ixracatçılarımızın Azərbaycan bazarındakı rəqabət qabiliyyətini artırmaq məqsədilə ixraca hazırlıq mərhələsindən marketinqə, dizayndan qlobal şirkətlərə təchizatçı olmağa, tanıtımdan ölkə daxilində və xaricdə keçirilən sərgilərdə iştiraka, xaricdə paylama kanallarının yaradılmasından qlobal brendə çevrilməyə qədər geniş spektrdə təqdim etdiyimiz dəstəklərdən şirkətlərimizin daha səmərəli yararlanmasını təmin edirik.
Azərbaycan bazarında türk məhsullarının artıq malik olduğu güclü və müsbət imici daha da inkişaf etdirmək məqsədilə tanıtım fəaliyyətlərinə xüsusi əhəmiyyət veririk. Şirkətlərimizin Azərbaycanda daha görünən olmasını təmin etmək üçün ölkədə keçirilən beynəlxalq sərgilərə, ticarət nümayəndə heyətlərinə, alıcı nümayəndə heyətlərinə və biznes forumlarına iştirakı təşviq edirik. Azərbaycandakı istehlakçı meyillərini, investisiya ehtiyaclarını və sektoral tələbi yaxından izləyərək şirkətlərimizi düzgün məhsul, sektor və biznes tərəfdaşlarına istiqamətləndirməyi qarşıya məqsəd qoyuruq.
Digər tərəfdən, elektron ixracı da iki ölkə arasındakı ticarət hədəfinə çatmağı dəstəkləyəcək mühüm mexanizmlərdən biri hesab edirik. Nazirlik olaraq Azərbaycanla ticarətimizin daha yüksək əlavə dəyərə malik, texnoloji və şaxələndirilmiş struktura qovuşmasını da önəmsəyirik. Ticarətimizin qarşısındakı bir çox maneəni aradan qaldıran və genişləndirilmiş formada iki ildir qüvvədə olan Preferensial Ticarət Sazişinin əhatə dairəsinin qarşıdakı dövrdə daha da genişləndirilməsi 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfimizə yaxınlaşmağımızda əsas amil olacaq.
Bundan əlavə, Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyası mexanizmini ikitərəfli ticarətimizə yol xəritəsi qazandırmaq yanaşması ilə daha səmərəli şəkildə fəaliyyətə gətiririk. Karma İqtisadi Komissiyasının (KEK) fəalliyyəti çərçivəsində müxtəlif istiqamətlər müəyyən edir və hər bir hədəfin icrasını sistemli şəkildə izləyirik. Türkiyə-Azərbaycan İş Şurası vasitəsilə özəl sektorun nəbzini daha müntəzəm şəkildə tuturuq. İş Şurasının koordinasiyası ilə B2B görüşləri, hədəf sektorlar üzrə ticarət nümayəndə heyətləri, qarşılıqlı sərgi iştirakları və KOB-ların bazara daha sürətli daxil olmasına imkan verəcək təmasları artırırıq.
Məqsədimiz şirkətlərimizin bir-birini daha yaxından tanıdığı, etimadın sürətlə ticarətə çevrildiyi davamlı biznes şəbəkəsi quraraq uzunmüddətli perspektivdə müəyyən etdiyimiz ticarət dövriyyəsi hədəfinə çatmaqdır.
- Türkiyə şirkətlərinin Azərbaycana investisiya marağı daha çox hansı sektorlarda cəmləşir? Yaxın dövrdə yeni iri investisiya layihələrinin elan edilməsi gözlənilirmi?
- Azərbaycanda mövcud türk investisiyaları arasında ölkənin malik olduğu təbii ehtiyatların da təsiri ilə karbohidrogenlər sektoru ən böyük paya malikdir. Enerji sektorunda, xüsusilə işğaldan azad edilmiş bölgələr başda olmaqla, bərpaolunan enerji investisiyaları da ön plana çıxır. Bununla yanaşı, yenə də işğaldan azad edilmiş ərazilər başda olmaqla, infrastruktur investisiyaları, ərzaq, tikinti materialları, tibbi məhsullar, əczaçılıq, liman və xidmət sektorları mühüm rol oynayır.
Mövcud əməkdaşlığımız çərçivəsində qarşılıqlı investisiyaları artırmaq məqsədilə həm infrastruktur, həm də ticari diplomatiya fəaliyyətlərimizi qətiyyətlə davam etdiririk.

- Biznes nümayəndələri iki ölkə arasındakı gömrük və logistika proseslərinin daha da asanlaşdırılmasına dair gözləntilərini ifadə edirlər. Bu sahədə hansı yeni tənzimləmələr və ya asanlaşdırıcı addımlar gündəmdədir?
- Biznes nümayəndələrinin gömrük və logistika proseslərinin sürətləndirilməsi ilə bağlı gözləntiləri iki ölkə arasındakı ticari inteqrasiyanın ən mühüm həlqəsini təşkil edir. Bu istiqamətdə bürokratiyanı azaltmaq, keçid müddətlərini qısaltmaq və xərcləri aşağı salmaq məqsədilə son dövrdə mühüm və konkret tənzimləmələr gündəmə gətirilib və onların bir qismi artıq həyata keçirilib.
Ticarət Nazirliyi olaraq ölkəmizin artan xarici ticarət həcmini nəzərə alaraq sahibkarlarımızın ehtiyac duyduğu gömrük xidmətlərinə daha asan və sürətli şəkildə çıxışını təmin etmək məqsədilə hazırda 162 aktiv gömrük idarəsi ilə xidmət göstəririk. Məqsədimiz xarici ticarət axınını sadə və şəffaf gömrük qanunvericiliyi əsasında rəqəmsal və sadələşdirilmiş yeni nəsil gömrük tətbiqləri ilə koordinasiya etməkdir. Yalnız Azərbaycana münasibətdə deyil, xarici ticarət apardığımız bütün ölkələr və ya ölkə qrupları üzrə gömrük prosedurlarını asanlaşdırmaqla xarici ticarət əməliyyatlarında vaxt və xərc üstünlüyü yaratmaq istiqamətində işlərimizi davam etdiririk.
Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin logistika mərkəzinə çevrilməsi məqsədi istiqamətində ortaya qoyduğu vizyon çərçivəsində gömrük-keçid məntəqələrinin modernləşdirilməsindən rəqəmsal gömrük tətbiqlərinə, nəqliyyat infrastrukturundan sərhəd keçidlərinin asanlaşdırılmasına qədər geniş sahədə investisiyalarımızı və islahat işlərimizi davam etdiririk. Bu anlayışla qardaş Azərbaycanla ticarətimizin qarşısındakı maneələri azaltmağa və Orta Dəhlizin rəqabət qabiliyyətini artırmağa davam edəcəyik.
Azərbaycanla bağlı gömrük sahəsində yeni tənzimləmələr və işlərimiz çərçivəsində ilk növbədə Naxçıvana açılan Dilucu sərhəd-keçid məntəqəsini 2015-ci ildə modernləşdirərək yeni obyektlərdə istifadəyə vermişik. Dilucu sərhəd-keçid məntəqəsinin artan ticarət dövriyyəsi və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə yaranması gözlənilən əlavə tranzit daşımaları imkanları nəzərə alınmaqla inkişaf etdirilməsi istiqamətində işlər görülür.
Bu çərçivədə gömrük ərazisinin genişləndirilməsi ilə bağlı prosedurlar davam edir. İşlərin başa çatmasından sonra keçid məntəqəsinin fiziki və texniki infrastrukturunun gücləndirilməsi, emal imkanlarının artırılması, nəqliyyat vasitələri və yük hərəkətinin daha səmərəli idarə olunması, rəqəmsal tətbiqlər və risk əsaslı nəzarət mexanizmləri vasitəsilə gömrük prosedurlarının sürətləndirilməsinə dair zəruri planların gerçəkləşdirilməsi nəzərdə tutulur. Bununla sərhəd-keçid müddətlərinin azaldılması, iki ölkə arasındakı ticarət və logistika proseslərinin daha da asanlaşdırılması hədəflənir.
Digər tərəfdən, ölkəmizlə Azərbaycan arasındakı ticarət dövriyyəsinin artırılmasının, Orta Dəhlizin logistika səmərəliliyinin gücləndirilməsinin və sərhəd-keçid prosedurlarının sürətləndirilməsinin əsas tələbinin gömrük proseslərinin tamamilə rəqəmsallaşdırılması və sadələşdirilməsinə əsaslandığını nəzərə alaraq “e-TIR Sisteminin İnteqrasiyası və Yayğınlaşdırılması” istiqamətində işlərimizi davam etdiririk.
Bu çərçivədə TIR sisteminin tamamilə kağızsız mühitə keçirilməsini hədəfləyən e-TIR layihəsində Türkiyə və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) çərçivəsində qabaqcıl ölkələr sırasında yer alır.
Azərbaycan Dövlət Gömrük Komitəsi ilə nazirliyimizin gömrük informasiya sistemlərinin e-TIR beynəlxalq sistemi ilə tam uyğun şəkildə işləməsi istiqamətində texniki inteqrasiya işləri qətiyyətlə davam etdirilir. Sistem sayəsində gömrük bəyannaməsi məlumatları nəqliyyat vasitəsi sərhədə çatmazdan əvvəl təhlükəsiz və rəqəmsal mühitdə gömrük orqanlarına ötürülür, gömrük nəzarəti müddətləri saniyələr səviyyəsinə endirilərək sərhəd-keçid məntəqələrində fiziki sıxlığın qarşısı alınır.
Bundan əlavə, Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) və Ortaq Tranzit İnteqrasiyasını dəstəkləyirik. Strateji mövqeyi ilə tranzit daşımalarında əvəzolunmaz körpü olan ölkəmiz yüklərin fasiləsiz və sürətli daşınması üçün yaratdığı imkanlarla bu körpünü hər keçən gün daha da gücləndirir. Türkiyə də daxil olmaqla 39 ortaq tranzit ölkə ilə inteqrasiya olunmuş şəkildə istifadə edilən NCTS sayəsində beynəlxalq tranzit əməliyyatlarımız son dərəcə təhlükəsiz, şəffaf və sürətli şəkildə həyata keçirilir. Azərbaycanın da Ortaq Tranzit Sazişinin standartlarına və NCTS-ə uyğun tranzit sistemlərinə tam keçid prosesi nazirliyimizin ekspertlərinin texniki bilik və təcrübəsi ilə dəstəklənir. Bu uyğunlaşdırma başa çatdıqda Orta Dəhliz üzərindəki yüklərin vahid bəyannamə və təminat mexanizmi ilə fasiləsiz hərəkəti təmin ediləcək.
Digər tərəfdən, hər il iki ölkənin Nəqliyyat və Ticarət nazirliklərinin yüksək vəzifəli nümayəndələri, eləcə də logistika sektoru təmsilçilərinin iştirakı ilə Quru Nəqliyyatı üzrə Birgə Komissiyanın iclasları keçirilir. Bu görüşlərdə tərəflər nəqliyyat sahəsində qarşılıqlı problemləri və həll təkliflərini gündəmə gətirir, sözügedən təkliflər protokollaşdırılır və ehtiyaclar çərçivəsində həmin protokol mütəmadi olaraq yenilənir. Bununla yanaşı, Azərbaycanla ölkəmiz arasında ikitərəfli və tranzit daşımaların hər hansı sənəd məhdudiyyətinə məruz qalmadan liberallaşdırılması ticarətin fasiləsiz davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Türkiyə və Azərbaycanın avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatındakı tamamlayıcı infrastruktur investisiyaları multimodal daşımaların inkişafı üçün güclü potensial yaradır. Multimodal daşımaların səmərəli şəkildə həyata keçirilməsi dəmir yolunun daşımalarındakı payını artıraraq Orta Dəhlizin rəqabət qabiliyyətini gücləndirəcək və ölkələrimiz arasındakı ticarətin daha sürətli, təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına töhfə verəcək.
Gömrük prosedurlarının daha qısa müddətdə başa çatdırılması üçün gömrük prosedurlarının sadələşdirilməsi və ölkələr arasında uyğunlaşdırılması, məlumat mübadiləsi və xüsusilə ölkələri bir-birinə bağlayan gömrük sərhəd məntəqələrinin infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Məlum olduğu kimi, Azərbaycan beynəlxalq avtomobil daşımalarının rəqəmsallaşdırılması məqsədilə Birləşmiş Millətlər Təşkilatının e-CMR Protokoluna qoşulub. Türkiyə ilə Azərbaycan arasında sistemin inteqrasiyası və pilot layihələr üçün texniki görüşlər aparılır.
Türk Dövlətləri Təşkilatı çərçivəsində imzalanmış Sadələşdirilmiş Gömrük Dəhlizi Sazişinin gömrük prosesləri baxımından mühüm əhəmiyyətini vurğulamalıyıq. Bundan əlavə, Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsi və bu çərçivədə Tranzit Məlumat Mübadiləsi Sazişi, beynəlxalq daşımaların tənzimlənməsinə uyğunluğun təmin edilməsi və Sadələşdirilmiş Gömrük Dəhlizinin daha səmərəli fəaliyyəti üçün atılmalı addımlar üzrə işlərimizi davam etdiririk.
Qəbul edilən bu qərarlar və gömrük sistemlərinin rəqəmsallaşdırılması sayəsində Türkiyə ilə Azərbaycan arasındakı orta sərhəd-keçidi və gömrük rəsmiləşdirilməsi müddətlərinin qısalması, logistika əməliyyatlarının xərclərinin azalması gözlənilir. Bu addımlar 15 milyard dollarlıq ticarət hədəfinə çatmaqda mühüm hərəkətverici qüvvə olacaq.