BAKI, 28 avqust. TELEQRAF
Cari ilin avqustun 28-nə tarixinə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 10015 ailə mənzil sahibi olub ki, bunun da 945-i cari ildə bağlanmış müqavilələrin payına düşür.
Bu barədə Teleqraf-a İpoteka və Kredit Zəmanət Fondundan (İKZF) məlumat verilib.
Bildirilib ki, ilin sonuna kimi kirayə müqavilələrinin sayının artacağı gözlənilir.
Satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 faizindən çoxu gənclər və gənc ailələrdir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8 ünvan Bakı şəhərində, 6 ünvan Abşeron rayonunda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3 ünvan isə Sumqayıt şəhərində yerləşir.
Fondun məlumatına görə, təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərinə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə edilməklə təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz edilib, eyni zamanda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.