BAKI, 29 aprel. TELEQRAF
KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın faktiki fəaliyyətə başladığı 2018-ci ildən ötən 6 il ərzində KOB subyektlərinin sayı 74%-ə yaxın artaraq 424 mini keçib.
Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu dövrdə KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin həcmi 2 dəfədən çox artaraq təqribən 10 milyard manatdan 21 milyard manata çatıb:
“KOB sektorunun məşğulluq göstəricisi də 47% yüksəlib. Biz strateji fəaliyyət gündəliyimizi sahibkarlar ilə qarşılıqlı əlaqə şəklində, onların ehtiyac və inkişaf meyllərini öyrənməklə müəyyən edirik. Düşünürəm ki, ötən dövrə nəzər saldıqda əldə etdiyimiz mühüm nəticələrdən biri kimi bizneslər ilə davamlı kommunikasiyanın yaradılmasını qeyd edə bilərik. Məhz sahəvi görüşlər, regional müzakirələr, sorğular, bizneslərə birbaşa səfərlər vasitəsilə sıx ünsiyyət əsasında əldə edilmiş məlumat və ehtiyaclar sonradan sırf KOB subyektləri üçün ünvanlı dəstək mexanizmlərinin hazırlanmasına imkan verib”.