BAKI, 29 aprel. TELEQRAF
Özünəməşğulluq proqramına dövlət bankı tərəfindən dəstək göstərilir və bu əməkdaşlıq çərçivəsində 2029-cu ilədək əlavə 30 min işsiz şəxsin özünəməşğuluğunun təşkili təmin ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, 2018-ci ildən etibarən Nazirlik tərəfindən 23 milyon şəxs aktiv məşğulluq tədbirləri ilə əhata olunub.
“Özünəməşğulluq proqramı mikrosahibkarlığın inkişafı, ailə təsərrüfatlarının dəstəklənməsi və yeni iş yerlərin yaradılması baxımından mühüm rol oynayır. Bu proqram çərçivəsində indiyədək 112 min nəfər özünəməşğulluğa cəlb edilib.
İşsiz şəxslərin yeni peşə və ixtisaslara yönləndirilməsi üçün Nazirlik tərəfindən 175 ixtisas sahəsi üzrə 59 mindən çox şəxs peşə hazırlığına cəlb edilib”.
O əlavə edib ki, Azərbaycanda minimum əməkhaqqı üç dəfə artaraq 400 manata, orta əməkhaqqı isə iki dəfə artaraq 1.099 manatı çatıb. Əməkhaqqı fondu ölkə üzrə üç dəfə artıb:
“Aparılan islahatlar sosial ösənişlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Minimum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə 2,9 dəfə artaraq 594 manata yüksəlib. Eyni zamanda müavinət və Azərbaycan Prezidentinin təqaüdləri üzrə ödənişlərin həcmi 5 dəfə artıb”.