BAKI, 4 iyul. TELEQRAF

Bu ilin yanvar-may aylarında Azərbaycanın ixracında neftin payı 56%-dən 51%-ə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Bazarı Araşdırmaları İnstitutunun (IIMR) “Diversifikasiya və asılılıq arasında: Azərbaycanın çoxvektorlu siyasətinin məhdudiyyətləri” adlı hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, bu azalma xüsusilə Rusiya neftinin idxalında yaranan boşluqla əlaqələndirilir. Azərbaycan neft idxalının 90%-ni Rusiya təmin edir və bu asılılıq azaldıqca, neftin ixracdakı ümumi payı da tədricən azalır.

Tədqiqata görə, bu ilin birinci rübündə ölkədə neft hasilatı 6,9 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% azalma deməkdir. Bununla belə, neft ixracı 7,3% artaraq 6 milyon tonu ötüb. Neft məhsullarının istehsalında isə 7%-lik azalma qeydə alınıb, eyni zamanda bu məhsulların ixracı 16%-dən çox artıb.

Tədqiqatçılar bildirirlər ki, bu dinamika ölkədə daxili istehlak üçün neftin artan tələbatını göstərir və bu kəsir xarici tədarüklər hesabına kompensasiya olunur.

Hesabatda həmçinin qeyd olunur ki, energetika sahəsində Rusiya ilə əməkdaşlıq potensialını qoruyur. Belə ki, Rusiya və İran arasında razılaşdırılmış yeni qaz kəməri marşrutu Azərbaycanın ərazisindən keçəcək. Layihənin birinci mərhələsində illik 2 milyard kubmetr həcmində qaz tədarükü planlaşdırılır. Bu isə Azərbaycana Rusiya-İran enerji əməkdaşlığı çərçivəsində tranzit gəlirləri əldə etmək imkanı verəcək.