BAKI, 16 iyun. TELEQRAF

Bu ilin mayında Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 462 min barel səviyyəsində olub.

Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, aprel ayı ilə müqayisədə hasilatın həcmində dəyişiklik olmayıb.

2025-ci ilin aprelində da neft hasilatı orta hesabla 462 min barel səviyyəsində olub.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir. Azərbaycan bu ilin mayında OPEC+ çərçivəsində kvotadan 89 min barel geridə qalıb.

Təşkilatın hesabatına görə, Aralıq dənizi bölgəsində may ayında yüngül, az kükürdlü neft növlərinin – “Azeri Light” və “Saharan Blend” markalarının qiyməti zəifləyib. Aylıq müqayisədə “Saharan Blend”in qiyməti 31 sent, “Azeri Light”ın qiyməti isə 40 sent azalaraq müvafiq olaraq barelə görə 21 sent və 2,16 dollar üstünlüklə satılıb. Xəzər regionuna aid yüngül turş neft növü olan “CPC Blend” isə may ayında Şimal Dənizi etalon markasına (North Sea Dated) nisbətən kəskin endirimlə satılmaqda davam edib. Lakin bu fərq cüzi dəyişərək ay ərzində 4 sent artımla barelə görə 2,44 dollar endirimlə qalıb.