BAKI, 13 iyun. TELEQRAF

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 101 ölkəyə məhsul ixrac olunub, 150 ölkədən idxal olunub. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 18,2%, real ifadədə 3% artıb. İdxal real ifadədə 21% artıb, ixrac isə 8,7% azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 16419,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 8286,2 milyon dollarını və ya 50,5%-ni ölkədən ixrac olunan məhsulların, 8132,9 milyon dollarını (49,5%-ni) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 153,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2025-ci ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı 1068,6 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 16,1% artıb, real ifadədə isə 8,2% azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olan məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,2%-i İtaliya, 11,5%-i Türkiyə, 10,8%-i Rusiya, 8,4%-i Çin, 3,6%-i Almaniya, 2,8%-i Birləşmiş Krallıq, 2,7%-i ABŞ, 2%-i Çexiya, hər biri 1,9% olmaqla Avstraliya və Yunanıstan, 1,8%-i Rumıniya, 1,7%-i İsveçrə, hər biri 1,6% olmaqla Gürcüstan və Qazaxıstan, hər biri 1,4% olmaqla Xorvatiya və Bolqarıstan, 1,3%-i Meksika, 1,2%-i İran, 1,1%-i Portuqaliya, 1%-i Özbəkistan, hər biri 0,9% olmaqla Ukrayna, Braziliya və Kanada, 12,4%-i isə digər ölkələr ilə aparılan ticarət əməliyyatlarının payına düşüb.