BAKI, 10 iyun. TELEQRAF

Son dövrlər ölkə ərazisində pərakəndə ticarət müəssisələrində mətbəə üsulu ilə hazırlanmış milli, eləcə də xarici valyutada pul nişanlarının qanunsuz reproduksiyalarının satışı hallarına rast gəlinir.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, qaydalara ya əsasən reproduksiya olunan kağız pul nişanlarının ölçüləri tədavülə buraxılmış pul nişanlarının səthinin 50 faizinə qədər və ya 200 faizindən çox olmalıdır. Rəngi pul nişanlarının əsas rəng tonundan ən azı 30 faiz tünd və ya ən azı 30 faiz açıq olmalı, eləcə də aydın oxuna bilən şriftlə, iri hərflərlə yazılmış, silinməsi mümkün olmayan və reproduksiyanın əsas rəng tonundan seçilən “REPRODUKSİYA” sözü əks olunmalıdır.

Hazırda pərakəndə ticarət müəssisələrində, eləcə də açıq bazarlarda realizasiya olunan bənzədilmiş “pullar”ın tələblərə uyğun olmaması müəyyən edilir. Bu isə vətəndaşlar tərəfindən həmin reproduksiyaların həqiqi pul kimi qəbul edilməsi riskini yaradır.

Mərkəzi Bankdan qeyd edilir ki, mövcud qanunvericiliyə əsasən reproduksiya qaydalarını pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur. Belə pulların satışı, əldə edilməsi və hazırlanması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə səbəb olmaqla həmin əməlləri törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas yaradır.