BAKI, 5 iyun. TELEQRAF
Ötən il Mərkəzi Bank tərəfindən 4 sığortaçı və 4 sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirilib.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə, eləcə də “Bakı Sığorta” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilən lisenziya ləğv edilib.
2024-cü il ərzində lisenziyası ləğv edilmiş sığortaçıların ləğvetmə prosesi zamanı sığortalıların və kreditorların hüquqlarının qorunması məqsədilə nəzarət tədbirləri keçirilir.
Qeyd edək ki, 2024-cü ilin sonuna sığorta sektorunun fəaliyyəti 15 sığortaçı, 1 təkrarsığortaçı, 1 müştərək sığortaçı, 23 sığorta brokeri və 481 sığorta agenti vasitəsilə təmin edilib.
Hesabat ilində sığorta haqları 1 353 mln. manat, sığorta ödənişləri isə 753 mln. manat təşkil edib. Sığorta haqları 2023-cü illə müqayisədə 11%, sığorta ödənişləri isə 28% artıb. Sığorta haqlarının 75%-i könüllü, 25%-i isə icbari sığorta növlərinin payına düşür. Eyni zamanda, sığorta haqlarının 54%-ni həyat, 46%-ni isə qeyri-həyat sığorta sahəsi üzrə yığımlar təşkil edib.