BAKI, 2 iyun. TELEQRAF
BP, SOCAR Green və Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) birgə müəssisəsi olan “Shafag (Jabrayil) Solar Limited” (SJSL) şirkətinin səhmdarları bu gün Şəfəq günəş elektrik stansiyası layihəsi üçün yekun investisiya qərarını elan ediblər.
Bu barədə Teleqraf-a BP-dən məlumat verilib.
Bildirilib ki, bu qərar Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisinin başlanmasına imkan verir.
Eyni zamanda Səngəçal terminalının investorları – BP, SOCAR, TPAO, LUKOYL, Cənub Qaz Dəhlizi, NİKO, MOL, İNPEKS, EksonMobil, İTOÇU, ONGC Videş, Eni, MVM və "TotalEnergies" – bu gün Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqlədilər. Bu layihə terminalın "AzərEnerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
Bu iki layihə bir-biri ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
Hər iki layihə üzrə yekun investisiya qərarlarını dəstəkləmək məqsədilə bu gün bir sıra digər müqavilələr də imzalanıb. Layihələr üzrə yekun investisiya qərarı Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən tədbir zamanı baş tutub.
Təxminən 200 milyon dollar dəyərində olan Şəfəq günəş elektrik stansiyasının tikinti işlərinə bu il başlanacağı və bu işlərin əsasən yerli resurslardan istifadə olunmaqla 2027-ci ilin ortalarınadək davam edəcəyi gözlənilir. Tikinti işlərinin pik dövründə 400-ə qədər yeni iş yerinin yaradılacağı gözlənilir.
Şəfəq layihəsi bütövlükdə bp şirkətinə məxsus olan Lightsource bp tərəfindən həyata keçiriləcək və idarə olunacaq. SJSL şirkətindəki iştirak payları belədir: bp 50,01%, SOCAR Green 39,99% və ABİF 10%.
230 milyon dollar dəyərində olan STEL layihəsi Səngəçal terminalının operatoru olan bp tərəfindən həyata keçiriləcək və idarə olunacaq. STEL layihəsi üzrə tikinti işlərinə bu il başlanması planlaşdırılır və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək.