BAKI, 30 aprel. TELEQRAF
ABŞ-nin tətbiq etdiyi tariflər, geosiyasi qeyri-müəyyənlik, fond bazarındakı volatillik və zəif dolların təsiri ilə qızıla qlobal tələb 2025-ci ilin birinci rübündə son doqquz ilin rekord səviyyəsinə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının "Qızıl Tələb Trendləri" adlı yeni hesabatına qeyd olunub.
Hesabatda bildirilir ki, bu ilin birinci rübündə dünya üzrə qızıla tələb ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 1206 tona yüksəlib. Bu da 2016-cı ildən bəri qeydə alınan ən yüksək göstəricisidir.
Qızılın qiymətindəki kəskin artımda birja fondlarına olan daxilolmaların mühüm rol oynadığı vurğulanıb. Eyni zamanda, mərkəzi bankların qızıl alışları əvvəlki rüblə müqayisədə azalıb. Belə ki, 2025-ci ilin birinci rübündə mərkəzi banklar ümumilikdə 243,7 ton qızıl alıblar.
İnvestisiya məqsədli qızıl alışında isə əks tendensiya müşahidə edilib. Əvvəlki rübdə 344,7 ton olan bu göstərici birinci rübdə 551,9 tona qədər artıb. Qızıl sikkə və külçələrin alışı isə 325,4 ton təşkil edib.
Bununla belə, qızıl-zinət əşyalarına olan tələbat rekord qiymətlər fonunda kəskin şəkildə azalıb. Zərgərlik üçün istifadə edilən qızılın həcmi 2020-ci ildə COVID-19 pandemiyası dövründəki tələbin durması ilə müqayisə edilə biləcək səviyyəyə enib.
Qızılın orta qiyməti də rekord həddə çataraq birinci rübdə illik əsasda 38 faiz artımla 2860 dollar olub. Hesabatda bu qiymət artımına səbəb olan əsas faktorlar kimi ABŞ-nin tarif siyasəti, geosiyasi risklər, bazar volatilliyi və dolların zəifləməsi göstərilir.