BAKI, 15 may. TELEQRAF
"Şəhərlərin inkişafına yalnız fiziki infrastrukturun qurulması prizmasında yanaşmaq mümkün deyil".
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda qeyd edib.
O bildirib ki, hazırda dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır və urbanizasiya prosesi sürətlə davam edir:
“BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər dünya əhlisinin 70%-i şəhərlərdə yaşayacaq. Bu proses iqtisadi artım, innovasiya və sosial inkişaf üçün mühüm imkanlar yaradır. Eyni zamanda bu proses mənzil və torpaq fondu, ictimai xidmətlərin əlçatanlığı, ekoloji dayanıqlılıq üzərində artan təzyiqləri formalaşdırır”.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev konfransda çıxışı zamanı bildirib ki, şəhər problemləri ayrı-ayrı sahələr üzrə deyil, bir-biri ilə əlaqəli və kompleks çağırışlar şəklində ortaya çıxır:
“Qarşımızda duran əsas məsələ bilik və yanaşmaların inteqrasiyasıdır”.
O əlavə edib ki, rəqəmsal texnologiyalar şəhərlərin daha dəqiq modelləşdirilməsinə şərait yaradır, ətraf mühit elmləri dayanıqlı inkişaf üçün yeni alətlər təqdim edir, iqtisadi və sosial tədqiqatlar isə inkişafın inklüziv və balanslı olmasına töhfə verir.
“Şəhərlərin gələcəyini ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən mütəxəssislər deyil, əlaqələndirilmiş praktik bilik formalaşdıracaq”.