BAKI, 16 may. TELEQRAF

ABŞ və İsrail İran ərazisinə qarşı mümkün yeni bombardmanlara hazırlığı əhəmiyyətli dərəcədə artırıb.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Yaxın Şərq ölkələrindəki rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırlıq prosesi müharibənin başlanmasından bəri ən yüksək səviyyəyə çatıb. Nəşr yazır ki, ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən qayıtmasından sonra onun yaxın ətrafı münaqişədə yaranmış “dalan vəziyyətindən” çıxmaq üçün yeni hərbi zərbələr planı hazırlayıb.

Qəzetin məlumatına əsasən, mümkün ssenarilərdən biri İranın hərbi obyektləri və infrastrukturlarına qarşı daha genişmiqyaslı bombardmanların həyata keçirilməsini nəzərdə tutur.

Digər variant isə yeraltında yerləşdirilən nüvə materiallarının axtarışı üçün xüsusi təyinatlı qüvvələrin bölgəyə göndərilməsidir. Mənbələrin sözlərinə görə, belə ehtimal nəzərə alınaraq mart ayında Yaxın Şərqə yüzlərlə xüsusi təyinatlı hərbçi yerləşdirilib.

Pentaqon isə bildirib ki, bombardmanlardakı fasilədən ABŞ hərbi gəmilərinin və hücum təyyarələrinin yenidən silahlandırılması üçün istifadə olunub.

ABŞ ordusunun generalı Den Keyn qeyd edib ki, bölgədə 50 mindən çox amerikalı hərbçi, iki aviadaşıyıcı, ondan artıq hərbi dəniz esminesi və döyüş təyyarələri İranla hərbi əməliyyatların bərpasına hazır vəziyyətdə saxlanılır.

“Heç bir rəqib bizim hazırkı təmkinimizi qətiyyətsizlik kimi qəbul etməməlidir”, - deyə general bildirib.

Məqalədə həmçinin qeyd olunur ki, bölgədə təxminən 5 min dəniz piyadası və elit hava-desant diviziyasının 2 minə yaxın hərbçisi əmrləri gözləyir.

Pentaqon rəsmilərinin sözlərinə görə, bu qüvvələr İranın İsfahan nüvə obyektində yerləşdirildiyi ehtimal olunan nüvə materiallarını ələ keçirmək və ya İran neft ixracının əsas mərkəzlərindən sayılan Xarq adasını nəzarətə götürmək üçün istifadə oluna bilər.