BAKI, 15 may. TELEQRAF

"Prezident İlham Əliyevin Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı dövlətçilik maraqları baxımından mühüm siyasi və geosiyasi mesajlarla yadda qaldı. Bu çıxış təkcə diplomatik nitq deyil, həm də Azərbaycanın Türk Dünyasında artan rolunu, regional liderlik iddialarını və gələcək strateji prioritetlərini ortaya qoyan konseptual siyasi xətt kimi qiymətləndirilə bilər".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə görüşünün artıq ənənəyə çevrildiyini vurğulaması Azərbaycanın Türk Dünyasının siyasi inteqrasiyasında təşəbbüskar dövlətə çevrildiyini göstərir: "Şuşanın Türküstanla qardaş şəhər elan olunması isə Qarabağ zəfərinin yalnız hərbi yox, həm də siyasi və ideoloji nəticələrinin Türk Dünyasına inteqrasiya olunduğunu nümayiş etdirir. Azərbaycan bununla özünü Türk coğrafiyasında ortaq siyasi gündəmi formalaşdıran əsas mərkəzlərdən biri kimi təqdim edir. Çıxışda Qazaxıstanla münasibətlərə xüsusi yer ayrılması da diqqət çəkən məqamlardandır. Son illərdə Bakı ilə Astana arasında formalaşan strateji tərəfdaşlıq Türk Dünyasında yeni geosiyasi oxun yaranmasına xidmət edir. Qarşılıqlı səfərlərin intensivliyi və müttəfiqlik münasibətlərinin vurğulanması göstərir ki, Azərbaycan və Qazaxıstan artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də Avrasiya məkanında ortaq siyasi və iqtisadi maraqlar əsasında çıxış edirlər. Bu əməkdaşlıq xüsusilə Xəzər hövzəsində nəqliyyat, logistika və enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır".

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəqəmsal inkişaf və süni intellekt məsələlərinə geniş yer ayırması Azərbaycanın yeni inkişaf modelinə keçidini nümayiş etdirir: "Dövlət başçısının “rəqəmsal suverenlik” anlayışını ön plana çıxarması müasir dünyada texnoloji təhlükəsizlik və milli informasiya məkanının qorunmasının dövlət siyasətinin prioritetinə çevrildiyini göstərir. Milli Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının yaradılması isə Azərbaycanın neftdən sonrakı dövrdə innovasiya və texnologiya əsaslı iqtisadi model qurmaq niyyətini ortaya qoyur. Bu yanaşma dövlətçilik baxımından strateji əhəmiyyət daşıyır, çünki gələcəkdə iqtisadi və siyasi gücün əsas elementlərindən biri məhz texnoloji üstünlük olacaq.
Çıxışda Orta Dəhliz və Zəngəzur dəhlizi ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə hesablanıb. Hazırkı beynəlxalq şəraitdə Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanı Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərindən birinə çevirir. Prezidentin Zəngəzur dəhlizini Orta Dəhlizin əsas seqmentlərindən biri kimi təqdim etməsi isə Azərbaycanın regionun nəqliyyat və logistika xəritəsini müəyyən edən əsas dövlətlərdən birinə çevrilmək niyyətini göstərir. Bu layihənin reallaşması türk dövlətləri arasında fiziki bağlantını daha da gücləndirəcək və Azərbaycanın strateji əhəmiyyətini artıracaq.
Prezident İlham Əliyevin “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” fikri çıxışın əsas siyasi tezisi kimi qiymətləndirilə bilər. Bu yanaşma artıq Türk Dövlətləri Təşkilatının sadəcə mədəni-humanitar platforma deyil, siyasi və geosiyasi birlik kimi inkişaf etdirilməsi niyyətini ortaya qoyur. Azərbaycan isə bu prosesdə həm siyasi təşəbbüskar, həm nəqliyyat və enerji bağlantılarının əsas koordinasiya mərkəzi, həm də türk inteqrasiyasının aparıcı qüvvələrindən biri kimi çıxış edir".

Vasif Qafarov əlavə edib ki, Türküstandakı çıxışı Prezident İlham Əliyevin son illərdə formalaşdırdığı xarici siyasət kursunun davamı olmaqla Azərbaycanın Türk Dünyasında liderlik mövqeyini möhkəmləndirmək, regionun əsas geosiyasi və geoiqtisadi aktorlarından birinə çevrilmək strategiyasını açıq şəkildə nümayiş etdirdi: "Bu çıxış Azərbaycanın gələcəkdə yalnız Cənubi Qafqazda deyil, bütövlükdə Türk coğrafiyasında əsas siyasi mərkəzlərdən biri olmaq iddiasını bir daha təsdiqlədi".