BAKI, 15 may. TELEQRAF

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda keçiriləcək BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar mayın 15-dən 25-dək gücləndirilmiş əməliyyat rejimində fəaliyyət göstərəcək.

Beynəlxalq Hava limanından Teleqraf-a bildirilib ki, forum çərçivəsində ölkəyə gələcək beynəlxalq nümayəndə heyətlərinin və sərnişin axınının artacağı nəzərə alınaraq hava limanında əməliyyat prosesləri, sərnişin xidmətləri və təhlükəsizlik tədbirləri üzrə əlavə koordinasiya mexanizmləri tətbiq olunub. Məqsəd iştirakçıların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, sərnişin təcrübəsinin yüksək standartlar səviyyəsində qorunmasıdır.

WUF13 çərçivəsində hava limanı forum iştirakçılarının şəhər üzrə hərəkətinin daha rahat təşkili məqsədilə xüsusi nəqliyyat sisteminə inteqrasiya olunub. İştirakçılar hava limanı, əsas nəqliyyat mübadilə mərkəzləri, qonaqlama məkanları və tədbirin keçiriləcəyi ərazi arasında fasiləsiz nəqliyyat imkanlarından istifadə edə biləcəklər.

Məlumata görə, WUF13 Hava Limanı Servis Avtobusları mayın 12-dən fəaliyyət göstərir və mayın 24-dək günün 24 saatı fasiləsiz xidmət göstərəcək. Mayın 25-də isə avtobuslar saat 18:00-dək fəaliyyətini davam etdirəcək.

Forum iştirakçıları aşağıdakı istiqamətlər üzrə xüsusi marşrutlardan istifadə edə bilərlər:

A1 - 28 May

A2 - Nərimanov

A3 - İzmir

A4 - Şıx

A5 - İçərişəhər

A6 - Sea Breeze

Bununla yanaşı, sərnişinlərin rahat gediş-gəlişini təmin edən “Airport Express”in H1 xətti əvvəlki qaydada “28 May” və “Koroğlu” metrostansiyalarından hava limanının Terminal 1 və Terminal 2 istiqamətində 24/7 rejimində fəaliyyətini davam etdirir.

Artan sərnişin axını nəzərə alınaraq sərnişinlərə uçuş vaxtından ən azı 2-3 saat əvvəl hava limanında olmaları tövsiyə edilir. Səyahət prosesinin daha rahat və operativ təşkili məqsədilə əvvəlcədən onlayn qeydiyyatdan istifadə olunması məsləhət görülür.

Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 çərçivəsində ölkəyə gələn qonaqlar və bütün sərnişinlər üçün əməliyyat davamlılığının, yüksək xidmət keyfiyyətinin və təhlükəsiz sərnişin təcrübəsinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.